Fransalı professor:"İqtisadiyyat dirçəldikcə, neftin qiyməti qalxacaq“
Tarix: 17-06-2020 14:34 | Bölmə: İqtisadiyyat
Fransalı professor:"İqtisadiyyat dirçəldikcə, neftin qiyməti qalxacaq“

“Əgər iqtisadi durğunluq neftin qiymətinin düşməsinə səbəb olubsa, demək iqtisadiyyatın neftə ehtiyacı var. İqtisadiyyat yenidən dirçəldikcə, neftin qiyməti də qalxacaq.“

Bu fikirləri “Report”un Fransa bürosuna Parisin Sarbon Universitetinin Urbanizm İnstitutunun direktor müavini, professor Jan-Antuan Düpra (Jean-Antoine Duprat) bildirib.

Professor bildirib ki, tibbi böhran bitdikdən sonra iqtisadiyyat dirçəlməyə başlayacaq və bu da neftin qiymətinin qalxmasına səbəb olacaq:

“Neftin qiymətinin düşməsinə iqtisadiyyatın tənəzzülü səbəb olub. Neft hasil oldunduqca, istehlak da olmalıdır. İqtisadiyyatda durğunluq baş verən zaman neftə ehtiyac azalır. Nefti isə nə saxlamaq, nə də atmaq mümkün deyil. Eyni zamanda, neft dayanmadan istehsal olunan bir xammaldır. Lakin əgər iqtisadi durğunluq neftin qiymətinin düşməsinə səbəb olubsa, demək iqtisadiyyatın neftə ehtiyacı var. İqtisadiyyat yenidən dirçələn kimi neftin qiyməti də qalxacaq“.

Jan-Antuan Düpra iqtisadiyyatın yenidən dirçələcəyi vaxta da aydınlıq gətirib:

“Neft əsasən elektrik istehsalı, avtomobillərin hərəkəti üçün istifadə olunur. Lakin unutmayaq ki, bunlardan başqa neft hava nəqliyyatında, təyyarələrin hərəkəti üçün də əsas xammaldır. Bu da o deməkdir ki, neftin qiymətinin tam qalxmasını yalnız beynəlxalq hava xətlərinin tam bərpasından sonra gözləmək olar. İqtisadiyyatın yenidən canlanması isə böyük ehtimalla bu il deyil, 2021-ci ilin sonu, 2022-ci ildə baş verəcək".

Jan-Antuan Düpra bu gün dünya bazarında neftin qiymətinin düşməsinə yalnız koronavirusla bağlı baş verən iqtisadi tənəzzül səbəb olduğunu bildirib. Lakin onun sözlərinə görə, neftin qiymətinin düşməsinə ölkələrin birgə siyasi razılıqları da səbəb ola bilər:

“Ancaq neftin dünya bazarında qiyməti yalnız alıcı və satıcı münasibətləri əsasında tənzimlənmir. Neft istehsalçısı ölkələr danışıqlar yolu ilə neftin qiymətinə dair qərar verə bilərlər. Koronavirusun yayılmasından qabaq Səudiyyə Ərəbistanı və Rusiya ABŞ-ı çətinliyə salmaq məqsədi ilə artıq neftin qiymətinə dair razılıq əldə etmişdilər. Bu ölkələr bu gün də birgə siyasi, strateji seçimlərini etməkdə azaddırlar".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər