Əmək Məcəlləsinə dəyişiklik edilir
Tarix: 17-06-2020 16:42 | Bölmə: İqtisadiyyat
Əmək Məcəlləsinə dəyişiklik edilir

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qanun layihəsində Məcəllənin 47-ci maddəsinin təkmilləşdirilməsi təklif edilir.

Nazirlikdən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmalıdır.

Lakin təcrübə göstərir ki, bir sıra hallarda Məcəllənin 47-ci maddəsinin f bəndi (Həmin bəndə görə, işəgötürən və işçinin qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır.

Nəticədə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda işçilərlə müddətli əmək müqavilələrinin bağlanması faktlarına rast gəlinir.

Ona görə də yeni qanun layihəsində işin, xidmətlərin daimi olduğu əvvəlcədən məlum olduğu hallarda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaradan halların aradan qaldırılması nəzərdə tutulub. Bu məqsədlə Əmək Məcəlləsinin müvafiq maddələrində əlavə və dəyişikliklər ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər