Rusiya XİN: Bolqarıstan Rusiya qazından nəticəsiz imtina edə bilməz
Tarix: 23-07-2020 12:31 | Bölmə: İqtisadiyyat
Rusiya XİN: Bolqarıstan Rusiya qazından nəticəsiz imtina edə bilməz

Bolqarıstan Rusiya ilə imzalanmış uzunmüddətli qaz müqaviləsindən nəticəsiz imtina edə bilməz.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, "Qazprom" və "Bulqarqaz" arasında qazın alqı-satqısına dair imzalanmış müqavilə 2025-ci ilədək müddəti əhatə edir.

"Bununla əlaqədar Bolqarıstan Rusiya qazının tədarükündən hüquqi və iqtisadi nəticələr olmadan imtina edə bilməz", - deyə Rusiya XİN nümayəndəsi Yuri Pilipson qeyd edib.

Xatırladaq ki, bu ilin yanvarında Bolqarıstanın Energetika naziri Temenujka Petkova bildirib ki, ilin sonunadək ölkə Rusiyadan ixrac etdiyi qazın həcminin yarısını Azərbaycan və mayeləşdirilmiş qaz (LNG) ilə əvəz edəcək.

Hazırda Bolqarıstanın illik qaz istehlakı 3 mlrd. kubmetr təşkil edir və bu həcmin 1,5 mlrd. kubmetrini ölkə Azərbaycan qazı və LNG ilə təmin etməyə planlaşdırır.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə). Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə başlanacaq.

Bolqarıstan Azərbaycan qazını Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) vasitəsi ilə alacaq. IGB-nin inşasının 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər