Qadın sahibkarlara qrant ayrılıb
Tarix: 11-08-2020 14:33 | Bölmə: İqtisadiyyat
Qadın sahibkarlara qrant ayrılıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən yararlanmış, qiymətləndirmə zamanı biznes planları uğurlu hesab edilən qadın sahibkarlara öz bizneslərini qurmaq üçün maliyyə dəstəyi (qrant) göstərilib.

Reyting.az
nazirliyə istinadən xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən ayrılmış qrant vəsaiti hesabına Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadınlar əl işlərinin satışı, gözəllik salonunun təşkili, peşəyönümlü əl işləri kursunun açılması sahələrində öz bizneslərinə başlayıblar.

Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarlara təlim və məsləhət xidmətləri ilə yanaşı, onların biznes planlarının hazırlanması və maliyyələşdirilməsi üçün müvafiq qurumlara yönləndirilməsi sahəsində də dəstək göstərib. Mərkəz bundan sonra da bu qadın sahibkarların biznesinin inkişaf etdirilməsi və fəaliyyətlərinin davamlılığının təmin olunması üçün təlim və məsləhət xidmətlərini davam etdirəcəkdir.

Qeyd edək ki, bu ilin fevralından fəaliyyətə başlayan Xaçmaz KOB İnkişaf Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonu üzrə mikro, kiçik və orta sahibkarlara və biznesə başlamaq istəyənlərə, startaplara, ailə biznesinə, əlillərə, gənclərə və qadınlara biznesyönümlü təlim və seminarların təşkili, məsləhət xidmətləri, məlumatlandırma, təcrübə proqramlarında iştirak kimi istiqamətlərdə ödənişsiz dəstək və xidmətlər təqdim göstərir.




Bölməyə aid digər xəbərlər