18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda yeni sığorta şirkəti yaradılır
Tarix: 21-08-2020 10:29 | Bölmə: İqtisadiyyat
Azərbaycanda yeni sığorta şirkəti yaradılır

Azərbaycanda ilk dəfə aqrar sığortanın tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin yaradılması nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Məlumata görə, bu məqsədlə ölkənin bütün qeyri-həyat sığortası şirkətlərinə müraciət edilib, onlara yeni müştərək sığorta şirkətinin nizamnamə kapitalında iştirak etmək təklif olunub. Şirkətlərin bir hissəsi buna razılıq verib, bununla əlaqədar səhmdarlarının yığıncağını keçirib və müvafiq qərar qəbul edib.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin yaradılması üçün təsis yığıncağı iyulun 24-də baş tutub. Yığıncaqda şirkətin səhmdarı olmaq niyyətini bildirmiş 7 sığorta şirkəti iştirak edib və təsis haqqında qərar verilib. Bu qərardan sonra şirkətin fəaliyyətinə icazə verilməsi üçün Azərbaycan Mərkəzi Bankına (AMB) ilkin müraciət göndərilib. Bu müraciətə cavab verildikdən sonra şirkətin dövlət qeydiyyatına alınması üçün müraciət ediləcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 4 mart 2020-ci il 4 tarixli qərarı ilə "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin minimum nizamnamə kapitalı 1 milyon manat müəyyən olunub. Bununla yanaşı, güclü maliyyə dayanıqlığının təmin edilməsi və prudensial normalara əməl edilməsi məqsədilə şirkətin dövlətin müəyyən etdiyi minimum məbləğdən daha çox nizamnamə kapitalı formalaşdırmaq hüququ var.

Təsisçilərlə əldə edilmiş razılığa əsasən, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə fondu 2 187,5 min manat müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub.

Nazirlik yanında Aqrar Sığorta Fondu bildirib ki, ölkədəki bütün qeyri-həyat sığortası şirkətləri müştərək sığorta şirkətinin fəaliyyətində iştirak edə bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər