18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda ötən 8 ayda nə qədər neft və qaz hasil olunub? - Statistika
Tarix: 22-09-2020 10:39 | Bölmə: İqtisadiyyat
Azərbaycanda ötən 8 ayda nə qədər neft və qaz hasil olunub? - Statistika

Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Reyting.az-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 mln. ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,4 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Səkkiz ayda 19,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən təxminən 1,7 mln. ton, yəni 8% azdır. Neft-kondensatın 18,4 mln. tonu konsorsium, 0,8 mln. tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən 8,7%, yəni 2 mlrd. kubmetr artımla 25,1 mlrd. kubmetr qaz hasil edilib. Qaz hasilatının 7,9 mlrd. kubmetri AÇG-dən, 12,3 mlrd. kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 mlrd. kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 8,7 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% çoxdur. Cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3% çox, yəni 7,2 mlrd. kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 mlrd. kubmetr olub.

Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,8 mlrd. kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 mlrd. kubmetr qaz nəql edilib.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək ümumilikdə 545,5 mln. ton neft (kondensatla birlikdə) hasil edilib və 544,9 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Bu dövrdə AÇG-dən 172,8 mlrd. kubmetr, “Şahdəniz”dən isə 129,1 mlrd. kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 mlrd. kubmetr qaz ixraca nəql edilib.

Ölkədə neft emalı isə 2020-ci ilin 8 ayında 4 mln. ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər