18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik qəbul edilib
Tarix: 30-09-2020 12:58 | Bölmə: İqtisadiyyat
"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, qanuna dəyişiklik layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib.

O bildirib ki, dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir:

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat müəyyən edilməsi).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər