İtaliya şirkətlərinin Qarabağda bərpa işinə cəlb edilməsi müzakirə olunub
Tarix: 19-12-2020 12:19 | Bölmə: İqtisadiyyat
İtaliya şirkətlərinin Qarabağda bərpa işinə cəlb edilməsi müzakirə olunub

Azərbaycanın Energetika naziri, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə italiyalı həmsədr bu günlərdə Bakıya səfəri və səfər çərçivəsində Prezident İlham Əliyevlə, eləcə də digər rəsmilərlə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, iki ölkə arasında siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məhsuldar danışıqların aparıldığını bildirib.

Görüşdə işğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğu vurğulanıb. Bu baxımdan İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizləməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunub.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər