Tarix: 24-12-2015 18:13 | Bölmə: İqtisadiyyat
Bir nüddət əvvəl Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, eyni zamanda iaşə və ticarətdə, habelə inşaat sektorunda tətbiq edilən vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması istiqamətdə müəyyən addımların atılması məsələsi müzakirə edilib.
Maliyyə naziri Samir Şərifov bildirib ki, 2016-cı ilin büdcəsində milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus "Azəri layt" markalı neftin orta satış qiymətinin kəskin azalması meylləri nəzərə alınıb.
İqtisadçı-ekspert Məhəmməd Talıblı məsələni "Reytinq"ə şərh edərkən deyib ki, Maliyyə nazirinin bədbin proqnozlarını acı etiraf kimi qiymətləndirir.M.Talıblının sözlərinə görə, büdcə gəlirlərimizin ötən ilə nisbətdə 25,1 faiz, xərclərinin isə 22 faiz azalması ondan xəbər verir ki, bu, nisbi azalma həddini yox, əhəmiyyətli büdcə balansının azalmasını özündə ehtiva edir: "Bunun kökündə duran səbəblər bu günlə bağlı deyil, dünənə qədər böyük investisiya layihələrinə verdiyimiz önəm və həmin xərc maddəsi üzrə maliyyələşdirmənin genişliyi ilə bağlıdır. Pulumuz çox olanda da, neft pulları azalanda da optimal xərc nisbətini müəyyənləşdirməli idik. Böyük investisiya layihələri həyata keçirəndən sonra, olmayan büdcəyə daha artıq qənaət imkanı təbii ki, mümkün olmayacaq".
Ekspert nəzərə çatdırıb ki, prioritet xərclər deyəndə şişirdilmiş dövlət aparatının saxlanması, infrastrukturun yaradılmasına yönəlik xərclər, beynəlxalq səviyyəli böyük proqramlara ("Avrovizion", Avropa oyunları) daha böyük vəsait xərcləyəndə gərək düşünəydik ki, sosial ehtiyacı olanlara daha böyük pullar xərcləməliyik. "Həmin illər investisiya layihələrinə 7-8 milyard manatdan az olmayan pul xərclədik. İndi büdcə siyasətində iki haldan birini seçməliyik: ya gəlirlərimizi artırmalıyıq, ya da xərclərimizi kəsməliyik. Sosial xərclərə qənaət etmək mümkün deyil. Ona görə də bəzi investisiya layihələri təxirə salınacaq, idarəetmədə ixtisarlar olacaq, vergi intizamının gücləndirilməsi hesabına yığımlar sərtləşdiriləcək",- deyə M.Talıblı əlavə edib.
Qeyd edək ki, Maliyyə naziri dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması istiqamətində müəyyən addımlar atıldığını da bildirib. Onun qənaətincə, vergi dərəcələrinin artırılması da müəyyən problemlərin aradan qalxmasına yardımçı olacaq:
"Azərbaycan Prezidentinin hökumət qarşısında qoyduğu vəzifələrə əsasən, növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, eyni zamanda iaşə və ticarətdə, habelə inşaat sektorunda tətbiq edilən vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır. Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil edilib".
Nazir əlavə edib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əmək haqqı, sosial müavinətlər, pensiya, təqaüd və digər sosial ödənişlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.
Məhəmməd Talıblı isə deyib ki, əslində, Vergilər Məcəlləsində olan
dəyişikliklər haqqında çoxdan qərar var idi. Onun sözlərinə görə, hazırki
mərhələdə vergi dərəcələrinin qaldırılması yanlış addımdır və mənfi fəsadlar
ortaya çıxaracaq: "Vergilərin yenidən artırmağa cəhd edilməsi tamam fərqli
situasiya yaradacaq. Büdcənin daxilolma kanallarının azalması analoji addımları
məcbur edir. Görünən odur ki, KOS-dan yığmaq istəyirlər bu vergiləri. Amma
unutmaq lazım deyil ki, vergi yığımları sahibkarlıq mühitinə mənfi təsir
göstərəcək".
Bölməyə aid digər xəbərlər