Prezident Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürdü - Açıqlama
Tarix: 31-10-2018 16:36 | Bölmə: Mədəniyyət
Prezident Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürdü

Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan, Stalin repressiyasının qurbanı olan və 1938-ci ildə güllələnən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar prezident İlham Əliyevin diqqətini cəlb edib.

Reyting.az “AzərTAC”a istinadən xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

“Cənab prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcəkdir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək", - Əli Həsənov söyləyib

Prezident Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürdü

Onun sözlərinə görə, prezident İlham Əliyev həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb: "Bunun bariz nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt cənab Prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq vermiş, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur".

Prezidentin köməkçisi qeyd edib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlətimizin başçısının nəzarətindədir. Əminliklə demək olar ki, məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər görüləcək və nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər