Gürcüstan prezidenti Rusiya ilə bağlı dünyaya çağırış edib
Tarix: 06-10-2023 20:35 | Bölmə: Siyasət
Gürcüstan prezidenti Rusiya ilə bağlı dünyaya çağırış edib

Gürcüstan prezidenti Salome Zurabişvili beynəlxalq ictimaiyyəti Rusiyanın tanınmamış Abxaziyada hərbi-dəniz bazası yaratmaq niyyətinə cavab verməyə çağırıb.

Reyting.az
xəbər verir ki, Zurabişvili bu barədə “Twitter” səhifəsində yazıb.

Gürcüstan prezidenti qeyd edib ki, Rusiyanın Gürcüstanın suveren ərazisi olan Oçamçirada daimi hərbi-dəniz bazası yaratmaqla bağlı qeyri-qanuni addımı Gürcüstana, onun Avropa istəklərinə və Qara dənizin təhlükəsizliyinə birbaşa təhdiddir.

O, beynəlxalq ictimaiyyəti “bu açıq-aşkar təxribatı pisləməyə və qətiyyətlə reaksiya verməyə” səsləyib.

Bundan əvvəl tanınmamış regionun lideri Aslan Bjaniya “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Rusiya Abxaziyanın Qara dəniz sahilində hərbi dəniz bazası yaratmağı planlaşdırır.

Gürcüstan Xarici İşlər Nazirliyi bu hərəkətləri Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması, Abxaziya və Sxinvali bölgəsinin qanunsuz işğalını qanuniləşdirmək üçün növbəti təxribat cəhdi adlandırıb.

Xatırladaq ki, Gürcüstanın şimal-qərbində, Qara dəniz sahilində yerləşən Abxaziya 1992-93-cü illərdə Gürcüstandan ayrılmaq üçün müharibə aparıb. 2008-ci ildə Gürcüstan ərazisinin bir hissəsinin rus qoşunları tərəfindən işğalından sonra Abxaziyanın “müstəqilliyi” Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən tanınıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər