Qəzza əhalisi sülh razılaşmasını qeyd edir
Tarix: 10-10-2025 10:27 | Bölmə: Siyasət
Qəzza əhalisi sülh razılaşmasını qeyd edir

İsrail və HƏMAS arasında Qəzza zolağındakı müharibəyə son qoyacaq razılaşma coşğu ilə qarşılanıb. Hətta fələstinlilər atəşkəsin həqiqi sülhə çevrilib-çevrilməyəcəyinə əmin olmasalar da.

Reyting.az
xəbər verir ki, İsrail ordusu Qəzzadan qismən çəkilməyə başlasa da, hücumlarını davam etdirib. Dünən günortadan sonra tanklar cənubdan Qəzza şəhərinə qayıtmağa cəhd edən fələstinli mülki şəxslərə atəş açıb. İsrail rəsmiləri atəşkəs rəsmən ratifikasiya olunana qədər şimala qayıtmamaq barədə xəbərdarlıq ediblər.

Qəzza zolağının Səhiyyə Nazirliyindən bildiriblər ki, son 24 saatda İsrailin hücumları nəticəsində ən azı 10 fələstinli ölüb, 49 nəfər yaralanıb.

İsraillilər də Amerika bayraqları ilə bayram ediblər. Təl-Əvivin “Girov meydanı”na toplaşan minlərlə insan mahnılar oxuyub.

Keçmiş girov Eliya Koen “Reuters” agentliyinə deyib:

“Biz çox sevinirik, lakin girovlar “Qızıl Xaç” avtomobilinə minib İsrailə çatana qədər ehtiyatlı olmalıyıq”.

Qeyd edək ki, “HƏMAS İsrailin Qəzzadan çıxarılması, humanitar yardıma icazə verilməsi və əsirlərin mübadiləsi ilə bağlı razılıq əldə edildiyini” açıqlayıb. HƏMAS eyni zamanda ABŞ prezidenti Tramp və müqavilənin qarant dövlətlərini İsraili razılaşmanın şərtlərini tam şəkildə yerinə yetirməyə məcbur etməyə çağırıb.

İsrailin baş naziri Netanyahu əldə edilən razılaşmanı qələbə kimi təqdim edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gecə İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb. Bu razılaşma bütün məhbusların azad edilməsini və İsrailin əvvəllər müəyyən edilmiş xətlərə çəkilməsini nəzərdə tutur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər