Azərbaycan-Rusiya münasibətləri normallaşır
Tarix: 10-10-2025 11:37 | Bölmə: Slayd
Azərbaycan-Rusiya münasibətləri normallaşır

“Hesab edirəm ki, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü uğurlu keçib. Qarşı tərəf nəhayət ki, reallıqla hesablaşmağa məcbur oldu, Azərbaycandan üzr istədi və üzərinə düşən öhdəlikləri yerinə yetiriləcəyini bildirdi. Bu, Azərbaycan-Rusiya münasibətlərinin normal müstəvidə davam etməsinə imkan yaradır”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putinin Düşənbədə keçirilən dünənki görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, nəhayət ki, Rusiya tərəfi törətdiklərini etiraf edib.

“Azərbaycan AZAL təyyarəsinin Rusiya hava məkanında vurulmasının etirafını, üzr istənilməsini və müvafiq kompensasiyanın ödənilməsini tələb edirdi. Əgər bu tələblər qəbul olunursa və ona riayət ediləcəksə, münasibətlər qaydasına düşəcək”,- Mollazadə əlavə edib.


Asim Mollazadə

Deputat qeyd edib ki, Rusiya KİV-lərində Azərbaycana qarşı böhtan kampaniyası aparan Simonyan, Solovyov, Zatulin və digər bu kimi simalar öz məqsədlərinə çata bilmədilər: “Əslində onlar Kremldən gələn göstəriş və təlimatlar əsasında hərəkət edirlər. Belə fəaliyyət Rusiyanın dəyişməyən üsullarından biridir. Mümkündür ki, onlar bu çirkin fəaliyyətlərini davam etdirəcəklər. Lakin belə fəaliyyətlə Azərbaycana təsir göstərmək mümkün deyil. Heç belə bir imkan da yoxdur”.

Azərbaycan-Rusiya münasibətlərinin perspektivinə gəldikdə, A. Mollazadə bildirib ki, indi hər şey qarşı tərəfdən asılıdır: “Rusiya prezidenti Vladimir Putin münasibətlərin qaydaya salınmasını təmin edəcək zəruri addım atıb. Görək öhdəliklərə necə əməl olunacaq. Kompensasiyanın ödənilməsi və digər məqamları nəzərdə tuturam”.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər