“Qiyamət planı” üzə çıxıb - Fotolar
Tarix: 24-06-2025 12:51 | Bölmə: Slayd
“Qiyamət planı” üzə çıxıb

İran-İsrail müharibəsində atəşkəs əldə edildiyi bildirilsə də, Vaşinqtonun İrana hərbi müdaxiləsindən sonra Amerika hökumətinin illərdir məxfi saxladığı “Qiyamət planı” gündəmə gəlib. Plana görə, nüvə müharibəsi baş verəcəyi təqdirdə prezident Donald Tramp və digər rəhbər şəxslər yerin dərinliklərində olan gizli sığınacaqlara köçürüləcəklər.

Reyting.az
“Daily Mail” nəşrinə istinadla bildirir ki, Amerika hökumətinin “COOP” (Əməliyyatların Davamlılığı Planı) adlandırdığı bu strategiya, ölkənin böyük dağıntılarla üzləşdiyi halda belə administrasiyanın ayaqda qalmasını təmin edir.

Nüvə hücumu nəticəsində böyük şəhərlər məhv olsa belə, milli müdafiə, iqtisadi sabitlik və ictimai təhlükəsizlik kimi kritik funksiyaların davam etdirilməsi hədəflənir. Bu kontekstdə Tramp administrasiyası ölkəni Virciniyadakı Mount Veather, Pensilvaniyadakı Raven Rok və Koloradodakı Xeyenne Mountain kimi nüvə hücumuna davamlı sığınacaqlardan idarə edə bilər.



Planın gündəmə gəlməsinə səbəb son günlər ABŞ üzərində uçan və “Qiyamət təyyarəsi” kimi tanınan “Boeing E-4B”-dür. İyunun 17-də Luizianadan Merilendə uçduğu təsbit edilən bu təyyarə fövqəladə hallarda baş komandan rolunu öz üzərinə götürür. O, nüvə hücumuna tab gətirmək üçün nəzərdə tutulub.

Qeyd edilir ki, “Qiyamət təyyarəsi” görünəndən qısa müddət sonra ABŞ İrandakı üç nüvə obyektinə hava zərbəsi endirib. Çin və Rusiyanın “qlobal müharibəyə səbəb ola biləcəyi” xəbərdarlığına baxmayaraq həyata keçirilən hücumlar ABŞ-nın COOP planını işə salması ehtimalını yenidən gündəmə gətirib.

COOP əsas diqqəti xalqın deyil, hakim sinfin müdafiəsinə yönəldir. Əsas məqsəd böhran dövründə dövlətin fəaliyyətini davam etdirə bilən liderlərin sağ qalmasıdır. Ona görə də rabitə şəbəkələrinin təhlükəsizliyi, əsas sənədlərin mühafizəsi və icraedici səviyyənin ehtiyat nüsxəsinin çıxarılması kimi addımlar bu planın əsasını təşkil edir.

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) görə, plan təkcə nüvə müharibəsi üçün deyil, həm də digər böyük təbii fəlakətlər, pandemiyalar və ya terror hücumları kimi hər cür böhrana qarşıdır.



COOP-un əsasları “Soyuq müharibə” dövründə prezident Eyzenhauer tərəfindən qoyulub. 1950-ci illərdən bəri hər bir prezident bu planı hazırlayıb və indiki formasına gətirib.

Bu gün COOP “Milli Davamlılıq Siyasəti Direktivi” ilə qüvvədədir. İndi təkcə bombalara qarşı deyil, həm də kiberhücumlara qarşı çevikliyi təmin etmək üçün modernləşdirilib.

Məlumdur ki, 11 sentyabr hadisələrindən sonra 75-150 dövlət məmuru belə sığınacaqlara köçürülüb. Lakin planın təfərrüatları hazırda təhlükəsizlik səbəbi ilə məxfi saxlanılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər