Türkiyə qiyamçıları çətin vəziyyətlə üzləşdirib: ruslar generalı atəşkəsə məcbur edir - Video
Tarix: 02-05-2020 11:59 | Bölmə: Slayd
Türkiyə qiyamçıları çətin vəziyyətlə üzləşdirib: ruslar generalı atəşkəsə məcbur edir

Liviyanın qiyamçı generalı Xəlifə Haftara bağlı qüvvələr ciddi itkilər verdikdən sonra Rusiya onu atəşkəsə məcbur etməyə çalışır. Bu barədə qiyamçı generalın müttəfiqi olan Tobruq təmsilçilər məlisinin rəhbəri Skilə Salih bildirib.

Reyting.az
xəbər verir ki, Liviyanın şərqində Ubeydat qəbiləsi liderləri ilə bir araya gələn S. Salihin çıxışı sosial şəbəkələrdə yayılıb. Salih qeyd edib ki, qiyamçı Haftarın beynəlxalq dəstəkçisi olan Rusiya Liviyadakı müharibə ilə bağlı hesabat hazırlayıb.

Hesabatda bildirilir ki, Haftarın qiyamçı ordusu Liviyanın rəsmi ordusu qarşısında çətin vəziyyətə düşüb.

Paytaxt Tripolinin cənub-şərqində - Terhuna şəhərində Haftar qruplarına yardım üçün gələn avtomobillərin havadan vurulmasına işarə edilən raporda vəziyyət “uçurumun kənarında” olduğu kimi təqdim edilir.

S. Salih diqqətə çatdırıb ki, hesabatda qarşıdan gələn həftələrdə daxili müharibənin Haftarın əleyhinə dəyişəcəyi vurğulanır və ruslar müharibə bölgəsində durumun getdikcə pisləşməsi səbəbindən Haftarın atəşkəs elan etməsini istəyir.

Rusların Haftardan “Prezident Şurasının yenidən qurulması” təklifi ilə bağlı açıqlama verməsini istədiklərini bildirən Saleh əlavə edib ki, Haftar açıqlamasında Tripolidəki müharibəni durdurmaq çağırışı və yeni “Prezident Şurasının” yaradılması ilə bağlı Berlin konfransının qətnaməsinə sadiq olduğunu bəyan etməlidir.

Salih qeyd edib ki, Rusiyanın hesabatında ən qısa müddət ərzində BMT-nin Liviya hökumətini ölkənin qanuni təmsilçisi kimi tanıyacağı narahatlığı bildirilir.

Türkiyə qiyamçıları çətin vəziyyətlə üzləşdirib: ruslar generalı atəşkəsə məcbur edir

Məlumat üçün qeyd edək ki, Liviya ordusu son dövrlər ölkənin qərb istiqamətində hərbi uğurlara imza ataraq 3 min kilometrlik ərazini Haftara bağlı qiyamçılardan təmizləyib. Tripoli hökumətinə bağlı silahlılar Haftarın paytaxta hücumlarında qərargah kimi istifadə olunan Terhunanı geri almaq üçün əməliyyata başlamışdı.

Diqqətə çatdırırıq ki, Tripoli hökumətinin son dövrlər hərbi sahədəki uğurlardan sonra qiyamçı Haftar özünü Liviyanın “qanuni” rəhbəri elan edib. Ancaq onun bu addımı beynəlxalq aləmdə birmənalı qarşılanmayıb.

Haftara bağlı olan “Liviya milli ordusu”nun sözçüsü Əhməd Mismari Ramazan ayı boyunca birtərəfli atəşkəs elan etdiklərini bildirsə də, bundan bir neçə saat sonra Haftara bağlı silahlılar paytaxt Tripoliyə raket zərbələri endirib. Tripoli hökuməti isə Haftarın bu addımlarını “aldadıcı” sayaraq özlərini müdafiə edəcəklərini bəyan edib.

Burada diqqəti çəkən məqam rusların qiyamçı Haftara təzyiq edərək indiki mərhələdə onu atəşkəsə məcbur etməsi, əslində, hərbi vəziyyəti indiki uğursuzluğundan çıxarmaq cəhdidir. Bəllidir ki, Xəlifə Haftarı Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir dəstəkləyir.

Tripolidə oturan və BMT tərəfindən legitim hökumət sayılan Liviya Milli Barış Hökumətini isə Türkiyə müdafiə edir. Son dövrlər Liviyada hərbi vəziyyətin Tripoli hökumətinin xeyrinə dəyişməsində də Türkiyənin xüsusi əhəmiyyəti var. Məhz Liviyaya göndərilən Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparatları (PUA) Xəlifə Haftar və onun dəstəkçilərini çətin vəziyyətlə üzləşdirib.



Reyting.az




Bölməyə aid digər xəbərlər