Dünyada güclər nisbəti dəyişə bilər
Tarix: 04-05-2020 13:40 | Bölmə: Slayd
Dünyada güclər nisbəti dəyişə bilər

“Dünya düzənində müəyyən dəyişikliklərin baş verməsini mümkün sayıram. Ancaq pandemiyanın qlobal iqtisadiyyatda böhran yaratması və bu böhranın arxasınca böyük müharibələrə, fəlakətlərə və kataklizmlərə səbəb olacağı inandırıcı deyil. Hesab edirəm ki, dövlətlər bir-birlərini ittiham etsələr də, son dövrlər pandemiya ilə mübarizədə əməkdaşlıq meyllərini ortaya qoyurlar”.

Bu fikirləri Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədri bildirib ki, pandemiya dünyada güclər nisbətinin dəyişməsinə təsir göstərə bilər. O, buna misal kimi Türkiyə iqtisadiyyatının son proseslərə davam gətirdiyi halda Rusiya iqtisadiyyatının buna davam gətirə bilməməsini göstərib: “Ola bilsin ki, koronavirus prosesi Çin, Yaponiya və Cənyubi Koreya iqtisadiyyatını daha da gücləndirsin”.

Q. Əlibəyli bununla müqayisədə Amerika və Avropa ölkələri iqtisadiyyatının bir qədər zəifləyə biləcəyini mümkün sayır: “Zənnimcə, bu mənada müəyyən dəyişikliklər ola bilər”.

Partiya sədri əlavə edib ki, hazırda Çin dünyanın güclü dövlətlərindən biridir: “Təbii ki, Çindən fərqli olaraq ABŞ-ın digər dövlətlərə təsiri güclüdür. Bu, daha çox ABŞ iqtisadiyyatı və valyutasının təsiri ilə bağlıdır. Amma Çin iqtisadiyyatı da inkişaf edib. Nəzərə alsaq ki, Çinin insan ehtiyatı Amerika ilə müqayisədə daha çoxdur, deməli, mümkündür ki, Çin pandemiyadan daha az itki ilə çıxsın. Sözsüz ki, bu halda Çinin birinciliyi ABŞ-ın əlindən alması mümkündür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər