Kommunist rejiminə və sovet ordusuna qarşı döyüşənlərə Bakıda abidə qoyulması təklif olunur
Tarix: 13-05-2020 11:35 | Bölmə: Slayd
Kommunist rejiminə və sovet ordusuna qarşı döyüşənlərə Bakıda abidə qoyulması təklif olunur

İkinci Dünya müharibəsində kommunist rejiminə və sovet diktaturasına qarşı mübarizə aparan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi və Bakıdakı parklardan birində onlara abidə qoyulması təklif olunur.

Reyting.az
xəbər verir ki, belə bir təkliflə Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) çıxış edib.

Partiya sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının online iclasında təklif edilib ki, qarşıdan gələn 28 May - Respublika Günü ilə bağlı İkinci Dünya müharibəsində kommunist və sovet diktaturasına qarşı mübarizə aparan 400 minə yaxın azərbaycanlının xatirəsi əbədiləşdirilsin.

Bununla bağlı müraciətdə deyilir ki, 1942-ci ildə Polşada azərbaycanlılardan ibarət 2 alay (804 və 805) təşkil olunub. 1943-ci ildə isə Ukraynada - Poltava vilayətində azərbaycanlılardan ibarət daha 6 alay (806, 807, 817, 818, 819 və 820) yaradılıb: “İsrafilbəy, Fətəlibəyli kimi hərbçilərin rəhbərliyi ilə azərbaycanlılardan təşkil olunmuş 10 alay Qafqaz, Ukrayna, Krım, Belarusiya və Polşada döyüşlərdə iştirak edib. Onların hamısı Azərbaycanın müstəqilliyi uğrunda, kommunist rejiminə qarşı vuruşublar. Hansı ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin müvəqqəti də olsa əldə edilməsi uğrunda canlarından keçənlərin yollarını 24 ildən sonra davam etdiriblər”.

ALDP-nin müraciətində qeyd olunur ki, 1990-cı ilin qanlı yanvarında yenidən müstəqilliyimizin əldə edilməsindən ehtiyatlanan sovet ordusu 1918-ci ildən bu yolda mübarizə aparanların ardıcıllarına qarşı amansız olub:

“Qanlı 20 Yanvarda həlak olanların şərəfinə abidə ucaldıldı. Amma bu şərəf üçün 1942-cı ildə sinələrini sipər çəkənlər olublar ki, bu gün onlar dövlət səviyyəsində yad edilmir, xatırlanmır”.

İclasda, Respublika Günü ilə bağlı daha bir təklif irəli sürülüb. “Vətəndaşlarımız karantinə görə Bayraq aksiyasını Azərbaycan bayrağını yaşadıqları evlərin pəncərə və eyvanlarından asmaqla keçirsinlər”,- deyə ALDP-nin müraciətində qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər