Azərbaycan kommunistləri ALDP-nin təklifinə etiraz edir - Bəyanat
Tarix: 13-05-2020 18:01 | Bölmə: Slayd
Azərbaycan kommunistləri ALDP-nin təklifinə etiraz edir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Böyük Vətən müharibəsində kommunist rejiminə və sovet ordusuna qarşı mübarizə aparan həmyerlilərimizin xatirəsinin əbədiləşdirilməsi və Bakıdakı parklardan birinə abidə qoyulması ilə bağlı təklifi ölkə kommunistlərinin etirazına səbəb olub.

Reyting.az
xəbər verir ki, Azərbaycan Kommunistlər Birliyi bu təklifə qarşı bəyanatla çıxış edib.

Kommunistlər Birliyinin rəhbəri Ədalət Abdinov isə Reyting.az-a deyib ki, ALDP-nin son təklifi kapitalizmin, xüsusilə imperializmin irticaçı ənənələrinə iflasa uğramış nökərçilik baxışından qaynaqlanır: “Bu, burjua ictimai fikrinin növbəti tənəzzülü olmaqla yanaşı, təkilfin mürtəce mənası da tam aydındır”.

Ə. Abdinov qeyd edib ki, Böyük Vətən müharibəsində mütərəqqi kommunist qurluşuna və sülhməramlı sovet ordusuna qarşı əks mövqe tutan azərbaycanlıların sayı burjua ünsürləri tərəfindən məqsədli şəkildə şişirdilir. Onun sözlərinə görə, anti-kommunistlərin dediyi kimi, 400 minə yaxın sosializm əleyhdarı olan azərbaycanlı olmayıb, bu, hay-küy altında gizlədilən yalandan başqa bir şey deyildir.

Ə. Abdinovun fikrincə, cari olaylar bir daha təsdiqləyir ki, kommunistlərin qurduğu cəmiyyət öz iqtisadi təşkili sayəsində kapitalizm cəmiyyətinə nisbətən çox böyük üstünlüklərə malik olub:

“Sosialist təsərrüfat sistemi bu gün baş verən iqtisadi böhranları, istehsal hərc-mərcliyini, işsizliyi aradan qaldırmışdı. Liberalların yaratmış olduğu indiki ağır vəziyyətdən fərqli olaraq kommunistlərin qurduğu cəmiyyətin iqtisadi və mədəni tərəqqisi zəhmətkeşlərin maddi güzəranının yaxşılaşmasına və mədəni yüksəlişinə tam uyğun gəlirdi. Hansı ağılın sahibi olasan ki, gərək kommunistlərin belə bir mütərəqqi qurluşuna qarşı mübarizə aparasan?!”

Azərbaycan kommunistləri ALDP-nin təklifinə etiraz edirƏ. Abdinov

Birlik rəhbəri əlavə edib ki, liberalların iddia etdikləri Polşa, Ukraynanın Poltava vilayəti, Qafqaz, Krım və Belarusda vətənin və sosializmin nailiyyətlərini qorumaq üçün saysız-hesabsız igid, mərd azərbaycanlılar vuruşublar, kommunist ideologiyası uğrunda canlarından keçiblər:

“Bakıda xatirəsinə abidə ucaldılması təklif olunan müharibədə fərarilik edib faşistlərə satılmış vətən xainlərini milyonlarla həmyerlimizin yanında barmaqla saymaq olar”.

Ə. Abdinov deyib ki, ALDP-nin müraciətində qeyd olunur ki, guya 1990-cı ilin qanlı yanvarında yenidən müstəqilliyimizin əldə edilməsindən ehtiyatlanan Sovet ordusu 1918-ci ildən bu yolda mübarizə aparanların ardıcıllarına qarşı amansız olub: “Fikrimcə, bu, gülünc iddiadır. 1990-cı ildə artıq de-fakto sovet yox idi, yırtıcı beynəlxalq imperializm SSRİ-ni qeyri-rəsmi zəbt etmiş və ümumi vətənimizdə ağalıq edirdi. Həmin hadisələri də liberalların dəstək verdiyi imperializm törətmişdir. Vətənşüvənlərə bir daha xatırladıram ki, 90-cı il hadisələrinin, bünövrəsi Lenin, Stalin əqidəsi ilə qöyulmuş əsil sovetlərə heç bir aidiyyatı yoxdur”.

Liberalların - vətəndaşlarımız karantinə görə Bayraq aksiyasını Azərbaycan bayrağını yaşadıqları evlərin pəncərə və eyvanlarından asmaqla keçirsinlər – müraciətinə gəldikdə, Ə. Abdinov qeyd edib ki, sovet dövrünün azadlığını, xöşbəxtliyini, bəxtəvərliyini yaşamış və bu gün ölkədə çoxluq təşkil edən insanlarımız qeyd olunan bayraqla yanaşı, Azərbaycan SSRİ-nin də bayrağını assınlar. “Vaxt gələcək bu bayraq Müstəqil Sosialist Azərbaycan Respublikasının bayrağı olacaqdır. Qoy, hərkəs buna əmin olsun!”,- Ə. Abdinov qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər