Amerika-Türkiyə münasibətləri yenidən gərginləşir - Foto
Tarix: 12-06-2020 19:43 | Bölmə: Slayd
Amerika-Türkiyə münasibətləri yenidən gərginləşir

Amerika-Türkiyə münasibətlərində yeni gərginlik başlayır. Buna səbəb Türkiyə məhkəməsinin ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Mətin Topuz haqqında 8 il 9 ay həbs qərarı verməsidir.

Xatırladaq ki, Mətin Topuz uzun illər ABŞ-ın İstanbuldakı diplomatik missiyasında işləyib və FETÖ terror təşkilatı ilə yaxın əlaqələrə malik olub. Türk ədaləti isə Topuzu silahlı terror təşkilatına dəstək verməkdə, dövlət çevrilişinə cəhddə ittiham edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo Mətin Topuzun həbsi ilə bağlı bəyanat verib. M. Pompeo M. Topuzun həbsində əsaslı dəlil və sübutların olmadığını ifadə edərək növbəti instansiya məhkəməsinin bu qərarı dəyişəcəyini gözlədiyini bildirib.

ABŞ-ın Türkiyədəki səfirliyi də bu səpkili bəyanat yayıb. Rəsmi Ankara isə səfirliyin açıqlamasına sərt reaksiya verib.

Mətin Topuzun həbsindən sonra yaranan vəziyyət göstərir ki, Ankara-Vaşinqton xəttində yeni gərginlik yaranacaq.

Amerika-Türkiyə münasibətləri yenidən gərginləşir
C. Nuriyev

Politoloq Cümşüd Nuriyev məsələni Reyting.az-a şərh edərkən deyib ki, Türkiyənin özünü necə aparmasından asılı olmayaraq ABŞ-ın şıltaqlığı davam edir. Onun sözlərinə görə, ABŞ özünü həddən artıq cığal aparır:

“Əslində Türkiyə ABŞ-ın istədiklərini etsəydi belə, yenə də nəsə tapıb deyəcəkdilər. Əgər ABŞ həbs edilən şəxsi dövlət katibi səviyyəsində müdafiə edirsə, deməli, həmin adam Amerika üçün çox önəmlidir. Ümumiyyətlə, siyasətdə belə anlayış var: əgər bir dövlət öz ərazisində kimisə həbs edirsə və bundan sonra xarici dövlət buna görə canfəşanlıq edirsə, bilin ki, həbsə atılan şəxs həmin ölkənin bir nömrəli adamıdır. Çünki bir ölkənin daxilini qarışdırmaq istəyən zaman məhz belə adamlardan istifadə edirlər. Mətin Topuz da belə şəxslərdəndir”.

C. Nuriyev deyib ki, əslində Türkiyə dövləti kimi həbs etdiyini özü bilər: “Bu, dövlətin öz işidir. Sözsüz ki, həbs zamanı və ədalət mühakiməsi dövründə müvafiq qaydalar pozulmamalıdır. Türkiyə Xarici İşlər Nazirliyi də ABŞ-a deyə bilər ki, Corc Flyoda görə küçəyə çıxıb etiraz edən minlərlə şəxs saxlanılıb və onların arasında cəmiyyətdə kifayət qədər tanınmışlar da var. Niyə onlar haqqında Türkiyə fikir söyləmir? Belə çıxır ki, ABŞ kimi istəsə həbs edə, içəri ata bilər və buna görə, onun işinə heç kim qarışa bilməz. Amma kimlər ki, ABŞ-ın maraqlarını güdərək öz dövlətinin əleyhinə gedirsə, Vaşinqton onu müdafiə edərək müstəqil dövlətin daxili işlərinə qarışa bilər? Bu, yolverilməzdir. Təəssüflər olsun ki, ABŞ üçün belə şeylər artıq çox adiləşib”.

C. Nuriyev sonda əlavə edib ki, ABŞ-ın hansı addımı atmasından asılı olmayaraq Türkiyə ona lazım olanı edəcək: “Türkiyə hazırda güclü dövlətdir və iradəsini ifadə edərək onun arxasında dura bilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər