07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Tofiq Zülfüqarov: “Xarici qüvvələr Xankəndindəki saxta qurumdan istifadə etməyə çalışır”
Tarix: 22-12-2020 11:42 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Xarici qüvvələr Xankəndindəki saxta qurumdan istifadə etməyə çalışır”

“Ermənistan müharibə nəticəsində faktiki olaraq Qarabağ prosesindən çıxarılıb. Açığı, sülhməramlıların əsas iştirakı ondan ibarət olub ki, Ermənistan öz ordusunu Azərbaycan ərazilərindən itkisiz çıxarsın. Hər halda Ağdam, Laçın və Kəlbəcərdən erməni ordusu çıxarılıb”.

Bu fikirləri Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T. Zülfüqarovun sözlərinə görə, xarici qüvvələr hazırda Xankəndində qalan saxta qurumdan istifadə etməyə çalışır: “Xarici qüvvələrin sifarişini yerinə yetirən Araik Harutyunyan özünə hansısa “qurum”, “strukturlar” yaradır. Amma Araik də daxil olmaqla separatçıların həmin ərazilərdə uzun müddət fəaliyyət göstərə biləcəklərinə inanmıram. Çünki bunun üçün ciddi əsaslar var. Hesab edirəm ki, Azərbaycan tərəfi işğaldan azad edilən ərazilərdə nə qədər tez güclənsə - insanlar qayıtsa, infrastruktur bərpa edilsə, Azərbaycan Xankəndindəki strukturun qalıqlarına təsirini daha tez gücləndirə biləcək. Odur ki, Araikin guya başında olduğu “struktura” müvəqqəti hal kimi baxıram”.

Sabiq nazir qeyd edib ki, separatçı qurumun fəaliyyətinin müvəqqəti olacağını düşünsə də, bu, həmin saxtakarların tənqid edilməməsi anlamına gəlmir: “Onları tənqid etmək, təzyiq göstərmək lazımdır. Sadəcə, anlamalıyıq ki, əslində biz əsas məsələni həll etdik. Əvvəla Azərbaycanla Ermənistan arasında sərhədi bərpa edə bilirik. Bu, vacib məsələdir.

İkincisi, bu proses elə formalaşdı ki, Azərbaycanla paralel olaraq Türkiyə və Rusiya elan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, faktiki çərçivə yaradır.

Əlbəttə, biz arikləri qova-qova normal insanları ortaya çıxararaq onlarla iş görəcəyik. Araik kimi şəxslərin isə bizim konstitusiyamızdan xoşu gəlmirsə, rədd olub ərazilərimizdən getsinlər. Bizim qanunları qəbul edənlər qalıb yaşaya bilərlər”.

T. Zülfüqarov deyir ki, o, Xankəndi ətrafında prosesləri həm də fərqli şəkildə görür: “Orada mülkiyyət məsələsi əsas olacaq. Ermənilər çalışacaq ki, orada olan mülkiyyətini satıb getsinlər. Biz, bu prosesi nə qədər yaratsaq, bir o qədər sərfəli olacaq. Azərbaycanlılar da gəlib orada rahat yaşamağa başlayacaqlar. Azərbaycan əsgəri, tankı, dronu mərhələsi bitib, indi bəlkə də Xankəndində “ASAN xidmət”in fəaliyyəti əhəmiyyət kəsb edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər