07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Qarabağdakı sülhməramılar erməni separatçılarını dəstəkləyir
Tarix: 28-12-2020 16:55 | Bölmə: Slayd
Qarabağdakı sülhməramılar erməni separatçılarını dəstəkləyir

“Mən yalnız aldığım məlumatlar əsasında mühakimə yürüdə bilirəm. Yəqin ki, nəyin və niyə baş verdiyini öyrənəcəyik. Ancaq hiss edirəm ki, Azərbaycan prezidentinin “Dağlıq Qarabağın statusdan söhbət gedə bilməz”,- bəyanatından narahat olan qüvvələr var. İstər Fransa, istər Rusiya sülhməramlıları, istərsə də erməni separatçılar olsun, onlar bu işi pozmaq istəyirlər. Onlar anlamırlar ki, Azərbaycan prezidenti bu bəyanatı verərkən bütövlükdə xalqın iradəsini ifadə edib”.

Bunu Reyting.az-a Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli dünən Xocavənddə baş verən erməni təxribatından danışarkən deyib.

Tahir Kərimli hesab edir ki, Qarabağdakı problemlər siyasi-diplomatik səviyyədə qaldırılmalıdır: “Bu problem Rusiya lideri Putinə də deyilməli və məsələyə yekun vurulmalıdır. Əks-təqdirdə hərbi əməliyyatlar keçirmək məcburiyyətində qalacağıq”.

Deputat qeyd edib ki, ilkin məlumatı əsasında fikirlərini açıqlasa da, bu məsələni başqa cür izah edə bilmir: “Biz dəfələrlə xəbərdarlıq edib, narazılığımızı bildirmişik. Noyabrın 10-da imzalanan bəyannamənin bəndinin pozulduğunu, erməni yaraqlılarının Qarabağdan çıxarılmadığını qeyd etmişdik. Erməni separatçı dəstələrinin himayə olunduğunu, hətta onların iclasında sülhməramlıların iştirak etdiyini, sanki bununla onları şirnikləşdirdiklərini qeyd etmişdik. Odur ki, mən çox narahatam”.


T. Kərimli

Partiya sədri diqqətə çatdırıb ki, müəyyən texniki-təşkilati məsələlər səbəbindən Türkiyənin Monitorinq Mərkəzində təmsil olunacaq hərbçiləri hələlik işə başlamayıblar: “Amma türklər hətta ruslarla birlikdə Monitorinq Mərkəzində işə başlasa belə, terrorçular yenə ərazidə qalacaqlar. Lakin bir var, problem yalnız ermənilərin cığallıq edən qüvvələri tərəfindən yaradılsın, bir də var, kimlərsə onları həvəsləndirsin. Ona görə də problemin kökündən həllinə çalışmaq lazımdır”.

T. Kərimlinin fikrincə, Azərbaycan siyasi-diplomatik danışıqları işə salmaqla paralel həm də xəbərdarlıq etməlidir ki, bu problemləri hərbi əməliyyatlarla yoluna qoymaq məcburiyyətindəyik:

“Xocavənddəki təxribata qarşı Azərbaycan tərəfi təsirli tədbir görüb. Bildiyim qədər təxribata cəhd edən 6 erməni terrorçusu məhv edilib. Bu, təxribata adekvat tədbirdir və dəstəklənməlidir. Amma erməni hay-küyü, onların arxasında duran qüvvələrin bundan yararlanmaq cəhdləri də hiss edilir”.

Deputat bildirib ki, ortada Azərbaycan prezidentinin iradəsi var: “Yəni heç bir separatizmdən söhbət gedə bilməz. Amma bunu başa düşmək istəmirlər. Zənn edirlər ki, Azərbaycanı nəyəsə məcbur edib, nələrisə geri ala biləcəklər.

Biz də razı olmarıq ki, erməninin cavan adamları gəlib bizim torpaqlarımızda ölsünlər. Hərçənd, mən bu diversiya qrupunda olanların yaş həddini bilmirəm. Amma onlar haqq etdiyi cavabı alıblar və ermənilər bilməlidir ki, Azərbaycan öz ərazisində belə təxribatlara görə heç vaxt güzəştə getməyəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər