Türkiyə-ABŞ münasibətləri gərginləşəcək - Professor
Tarix: 29-01-2021 16:06 | Bölmə: Slayd
Türkiyə-ABŞ münasibətləri gərginləşəcək

“Türkiyə-ABŞ münasibətləri yaxın dövr üçün çox gərgin olacaq. Əslində ABŞ-da hakimiyyətə yeni gələn Bayden hökuməti Yaxın Şərq siyasətini tədricən səhmana salmalıdır ki, Türkiyə də ona adekvat reaksiyalar versin”.

Bu fikirləri Reyting.az-a professor Rüstəm Məmmədov yaxın dövr üçün Türkiyə-ABŞ münasibətlərindən danışarkən deyib.

R. Məmmədov xatırladıb ki, ABŞ-ın Yaxın Şərq siyasəti faktiki olaraq qüsurlu və xarabdır: “Donald Tramp hakimiyyətə gəldikdən sonra bu siyasəti köklü şəkildə dəyişməyə cəhd göstərdi. Trampdan əvvəlki prezident Barak Obama dövründə Yaxın Şərq siyasəti korlanmışdı. İndisə bu siyasət lap pis vəziyyətdədir. Bayden ilk olaraq korlanmış siyasəti səhmana salmalıdır”.


R. Məmmədov

Professor əlavə edib ki, Türkiyə Yaxın Şərq siyasətində maraqlı oyunçudur və birmənalı olaraq maraqlarını qorumaqda israrlıdır: “Yəni bu siyasətini sona qədər davam etdirəcək. Trampın prezidentliyi zamanı biz bunun şahidi olduq. Odur ki, indi hər şey Bayden administrasiyasının atacağı addımlardan asılıdır”.

Bir neçə gün əvvəl ABŞ dövlət katibinin Türkiyə və Rusiyanı Liviyadan qoşunlarını çıxarmağa çağırdığını xatırladan R. Məmmədov qeyd edib ki, belə ultimatumların verilməsi qəbuledilməzdir: “Çünki nə Türkiyə, nə də Rusiya dövlət katibi Blinkenin bəyanatına ciddi yanaşmayacaq. Türkiyə Liviyada fəaliyyətinə davam edəcək. Ona görə deyirəm ki, münasibətlərin gələcək perspektivləri daha çox Baydenin atacağı addımlardan asılıdır...”.

R. Məmmədovun Türkiyə-ABŞ münasibətlərinə dair proqnozu nikbindir:

“Mənə belə gəlir ki, Türkiyə-Amerika münasibətləri bir müddət gərginləşəcək. Bundan sonra Bayden hökuməti tədricən güzəştə getməyə başlamalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər