Azərbaycanda uşaqlar arasında kütləvi şəkildə koronavirus yayılıb?
Tarix: 01-02-2021 09:23 | Bölmə: Slayd
Azərbaycanda uşaqlar arasında kütləvi şəkildə koronavirus yayılıb?

“WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub.

Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur.

Reyting.az
xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayılan məlumata münasibət bildirib.

TƏBİB bəyan edir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın sadəcə, yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.

TƏBİB bildirir ki, ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə qeydə alınmayıb:

“Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub”.

TƏBİB-in məlumatında qeyd olunur ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir:

“Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik”.




Bölməyə aid digər xəbərlər