Musabəyov: “Köçəryan Moskvaya hakimiyyətə gəlmək şansını öyrənmək üçün gedir”
Tarix: 02-02-2021 16:36 | Bölmə: Slayd
Musabəyov: “Köçəryan Moskvaya hakimiyyətə gəlmək şansını öyrənmək üçün gedir”

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Moskvaya AFK korporasiyasının iclasında iştirak üçün gedir. Vaxtı ilə Köçəryan oğurluq pullarını Moskvaya köçürmüşdü və bu qurumun idarə heyətinin üzvüdür. İndi həmin şirkətin iclasında iştirak etmək üçün Moskvaya üz tutur. Həmin şirkətin başında vaxtı ilə Moskvanın meri olmuş Lujkovun bacanağı dayanırdı və “yağlı tikələri” ora yığmışdı. İndi Köçəryan rəsmi olaraq bu şirkətin iclasında iştirak üçün Moskvaya uçur. Ancaq bu, Köçəryanın səfərinin görünən tərəfidir”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Ermənistanın sabiq prezidenti, hakimiyyət uğrunda mübarizə aparacağını bəyan edən Robert Köçəryanın Moskva səfərini şərh edərkən deyib.

Rasim Musabəyovun ehtimalına görə, Köçəryan həm də Moskvaya ona görə gedir ki, özünün Ermənistanda hakimiyyətə gəlmək şansının olub-olmadığını müəyyən etsin: “Yəni Moskvanın Paşinyanı yıxmaq üçün ona dəstək verib-verməyəcəyini bilmək istəyir”.

Ancaq R. Musabəyov Moskvanın Köçəryana bu məsələdə dəstək verəcəyinə inanmır. Onun fikrincə, erməni xalqında Köçəryana qarşı böyük nifrət var: “Əslində Köçəryan vaxtı ilə separatçı rejimin rəhbəri seçilə bilməmişdi. Səhv etmirəmsə, bu “vəzifəyə” Daşnaksütyun Partiyasından Mkırtıçyan seçilmişdi. Amma Köçəryan həmin şəxsi aradan götürdü və özünü saxta qurumun saxta prezidenti elan etdi.

Erməni cəmiyyəti Köçəryana cani kimi yanaşır. Bu, həqiqətən də belədir. Lazım gələrsə, Köçəryan adam öldürə və sonra gedib əlini yuyaraq rahat şəkildə çörək yeyə bilər. Odur ki, Ermənistanda bu şəxsə nifrət var və normal seçkilərdə onun qalib olmaq şansı azdır. Bu caninin Ermənistanda hakimiyyətə gəlməyinin bir yolu var: gərək əvvəlcə hakimiyyəti hansısa formada ələ alsın, sonra özünü seçdirsin”.

R. Musabəyov əlavə edib ki, Rusiya prezidenti Putinin Köçəryana dəstək nümayiş etdirməsinə baxmayaraq, onlar da reallıqlarla razılaşmalıdırlar: “Bu mənada Köçəryan ona münasibəti dəqiqləşdirmək istəyir. Bəli, Köçəryan hakimiyyətə gəlmək üçün Rusiyaya çox şeylər vəd edə bilər. Ancaq Rusiyada anlayırlar ki, ona çərçivədən çıxacaq vədlər vermək imkanı yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər