Professor: “Ruslar Cənubi Qafqaz siyasətinə yenidən baxmalıdır”
Tarix: 05-02-2021 14:00 | Bölmə: Slayd
Professor: “Ruslar Cənubi Qafqaz siyasətinə yenidən baxmalıdır”

“Ermənistanda bəzi yerlərin əvvəlcədən Rusiyanın nəzarətində olması bu ölkəyə tamamilə şimal qonşumuzun nəzarət etməsi mənasını vermir. Bu saat erməni ictimaiyyəti qərbyönümlüdür. Bunu Rusiya da bilir. Paşinyanın hakimiyyətə gəlməsi və iqtidarda qalması isə Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsi demək idi”.

Bu fikirləri Reyting.az-a professor Toğrul İsmayıl Ermənistanın yaxın gələcəkdə Rusiya yoxsa qərb istiqamətində irəliləyəcəyi ilə bağlı suala cavabında deyib.

Professor xatırladıb ki, hazırda Azərbaycan Rusiyaya daha loyal və hətta normal münasibət bəsləyir, Ermənistanda isə Rusiyaya münasibət soyuqdur: “Bu nədə özünü göstərir? Azərbaycanda rus dilində təhsil var, amma Ermənistanda faktiki yoxdur. Eləcədə bizdə rus televiziya kanalları yayımlana bilir, amma Ermənistanda yox. Erməni iqtidarı qərbyönlü siyasət yürüdür, biz isə balanslı siyasət var və s. Ancaq bunlara baxmayaraq Rusiya Ermənistana daha çox silah satır, onu dəstəkləyir, sığallayır. Sanki Ermənistan həm Rusiyanın dəstəyini alır, həm də nadinc uşaq kimi Rusiyaya kapriz edir. Məncə, bu, Rusiyanın köhnə siyasətinin işləmədiyini göstərir. Artıq sovetlərdən qalan bu siyasətin davam etməsi düzgün deyil. Dünya dəyişib, XXI əsrdir, inkişaf gedir. Ona görə də ruslar Cənubi Qafqaz siyasətinə yenidən baxmalıdır”.

Professor hesab edir ki, Baş nazir Nikol Paşinyan indiyə qədər də Ermənistanı qərbə doğru çəkib, bundan sonra da bu siyasətini etdirməyə çalışacaq: “Ehtimalıma görə, Con Baydenin hakimiyyəti dövründə bu siyasət daha da güclənəcək. Hesab edirəm ki, Paşinyanın təkbaşına belə qərar verməsi, Rusiya ilə bağlı maraqlı siyasət yürütməsi mümkünsüzdür. Çünki Paşinyanın bir siyasətçi olaraq dövlət təcrübəsi azdır, diplomatik məktəbdən gəlmir, siyasi təhsili yoxdur. Paşinyan qəzetçi olub və iqtidara küçədən gəlib. Amma buna baxmayaraq Rusiya kimi dövlətə qarşı apardığı siyasət fərqli və nəticəlidir. Mən ehtimal edirəm ki, burada qərb mütəxəssisləri və qərbin təsiri çoxdur. Xüsusilə, Amerikanın. Unutmamalıyıq ki, ABŞ-ın bölgədə ən böyük səfirliyi də Ermənistanda yerləşir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər