Xocalı və Xankəndi şəhərlərinə qayıdış təklif olunur
Tarix: 05-02-2021 16:33 | Bölmə: Slayd
Xocalı və Xankəndi şəhərlərinə qayıdış təklif olunur

Beynəlxalq Qarabağ Forumu Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.

Reyting.az
xəbər verir ki, vacib təkliflərin irəli sürüldüyü toplantıya Türkiyə təmsilçisi, Azərbaycan Dil, Tarix və Kultur Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin başqanı Ziya Zakir Acar moderatorluq edib.

Toplantıda müxtəlif ölkələrdə həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib. Sonra Türkiyə və Rusiya hərbçilərinin daxil olduğu Birgə Monitorinq Mərkəzinin işə başlaması, bəzi ölkələrdə Azərbaycan və Türkiyə diplomatlarına qarşı erməni radikal qrupları tərəfindən təhdid halları və digər məsələlər müzakirə olunub, uyğun qərarlar qəbul edilib.

Beynəlxalq Qarabağ Forumunun üzvləri xüsusi olaraq vurğulayıblar ki, Azərbaycan nəyin bahasına olursa-olsun qısa zamanda məcburi köçkünlərin Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və digər yerlərə qayıdışını təmin etməldir: “Azərbaycan öz ərazilərinə kimlərinsə icazəsini, razılığını gözləmədən qayıtmalı və hakimiyyətini, suveren hüquqlarını bərqərar etməlidr”.

Toplantı iştirakçıları işğaldan azad olunmuş ərazilərin bərpası, abadlaşdırılması işinə öz töhfələrini vermək üçün təkliflərlə çıxış edib, Şuşada və digər yerlərdə beynəlxalq tədbirlərin keçirilməsinə dair planlarını açıqlayıblar. Forum üzvləri bu il fevralın 14-də Ərzurum Atatürk Universitetinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan “Ozanların dili ilə Qarabağ” beynəlxalq simpoziumda, may ayında Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə keçiriləcək “Qarabağ: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda iştirakla bağlı qərarlarını veriblər.

Toplantıda tarix elmləri doktoru Gürsoy Solmaz (Türkiyə), ictmai xadim Ziya Zakir Acar (Türkiyə), regional parlament üzvü, diaspor rəhbəri İradə Əliyeva (İsveç), tarix elmləri doktoru Fərhad Turanlı (Ukrayna), diaspor rəhbəri Elşən İbrahimov (Rusiya), diaspor rəhbəri Vahid İmanov (İspaniya), iqtisad elmləri doktoru Kərəm Karabulut (Türkiyə), QHT rəhbəri Mehriban Abdullayeva (Azərbaycan), araşdırmaçı alim Sözer Akyıldırım (Türkiyə), diaspor rəhbəri Cəfər Dal (Türkiyə), QAT sədri Akif Nağı (Azərbaycan), ictimai fəal Burzu Qılıncxanov, (Azərbaycan) və digərləri təkliflərini səsləndiriblər.





Bölməyə aid digər xəbərlər