Zərdüşt Əlizadə: “Vaşinqton və Moskva əvvəl-axır dil tapmalı olacaq”
Tarix: 05-02-2021 21:47 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Vaşinqton və Moskva əvvəl-axır dil tapmalı olacaq”

“Məsum və günahsız dövlətlər yoxdur. Məsum xalqlar da yoxdur. ABŞ isə hədsiz təcavüzkar siyasət yürüdüb, dövlətləri laxladıb, siyasi təxribatlar törədib. Bu faktdır. Üstəlik, bağladığı beynəlxalq sazişləri pozub. Məsələn, İranla 5+1 formatında Nüvə Sazişi imzalamışdı. Bir qədər danışıqlar aparıldı, ancaq Donald Tramp hakimiyyətə gələn kimi bu sazişi pozdu. Səbəb də odur ki, bu saziş İsrailin xoşuna gəlmir. Belə hallar çox olur. ABŞ-ın da günahı var, elə Rusiyanın da günahı az deyil”.

Bu fikirləri Reyting.az-a politoloq Zərdüşt Əlizadə Bayden Amerikası ilə Putin Rusiyası arasında münasibətlərin hansı formada qurulacağıdan danışarkən deyib.

Politoloq qeyd edib ki, Rusiya qonşu olduğu dövlətlərin ərazisində qondarma rejimlər yaradıb, qoşunlar yeridir: “Bütün bunlar imperalist siyasətdən xəbər verir. Ancaq bunun da zərbəsi nəticədə rus xalqına dəyir.

Rusiya pis gündədir, rus xalqı pis vəziyyətdə yaşayır. Üstəlik elmi, sənayesi, texnologiyası olan bu ölkə indi xammal ölkəsinə çevrilib. Halbuki iqtisadi qüdrətinə görə dünyanın ikinci dövləti idi, indi olub 11-ci dövləti. Bu proses, yəni tənəzzül davam edir.

Ən pisi budur ki, Rusiyanın əhalisi azalır. Bu proses ildən-ilə artan xətt üzrə gedir. Məsələn, bu il əhalisi haradasa 500 minə qədər azalıb. Bir ölkənin ki, əhalisi azalır, ondan nə gözləmək olar? Məncə, papaqlarını qarşılarına qoyub düşünməli, siyasətlərini dəyişməlidirlər. Ən azından bu, ölkə əhalisi üçün cəlbedici olmalıdır. Amma Rusiya təcavüzkar siyasətini davam etdirir”.

Z. Əlizadənin ehtimalına görə, Amerika və Rusiya nüvə dövləti olduğu üçün müharibə etməyəcəklər: “Vaşinqton və Moskva əvvəl-axır dil tapmalı olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər