Polislər sürücünü döyüb: şəhid oğlunun burnu və dişləri sındırılıb - Fotolar
Tarix: 08-02-2021 09:33 | Bölmə: Slayd
Polislər sürücünü döyüb: şəhid oğlunun burnu və dişləri sındırılıb

Bir neçə gün əvvəl Sumqayıtda 114 №-li marşrut avtobusunda yol polisinin “Saxla!” əmrinə tabe olmayıb, şəhərdə avtoxuliqanlıq edən Ceyhun Ələmqulu oğlu Quluyev saxlanıldıqdan sonra polislərin fiziki zorakılığına məruz qalıb. Sumqayıt polisinin əməkdaşları şəhid övladı olan C. Quluyevin burnunu və dişlərini sındırıblar.

Bu barədə Reyting.az-a Ceyhun Quluyevin anası, Qubadlı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Fəxriyə Əmirulla qızı Nəcəfquliyeva (Ünvan: Sumqayıt ş., 12-ci mkr., ev-7A, m.-41) bildirib.

Oğlunun polisin “Saxla!” əmrinə tabe olmamasına haqq qazandırmayan Fəxriyə Nəcəfquliyeva övladının fizki zorakılığa məruz qalması ilə bağlı Azərbayacan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Baş prokurora, Daxili işlər nazirinə və digər səlahiyyət sahiblərinə bununla bağlı müraciət edib:



“Mən, şəhid ailəsinin üzvü və Qubadlı rayonundan məcburi köçkün Nəcəfquliyeva Fəxriyə Əmirulla qızının şikayəti Azərbayacan polisinin adına ləkə yaxan Sumqayıt Şəhər Polis İdarəsinin bəzi əməkdaşlarındandır.

04.12.1977-ci il təvəllüdlü oğlum Quluyev Ceyhun Ələmqulu oğlu 04.02.2021-ci ildə sərxoş halda idarə etdiyi 114 №-li marşrut avtobusunda yol polisinin “Saxla!” əmrinə tabe olmayıb. O, polislər tərəfindən məcburən dayandırıldıqdan sonra vəhşicəsinə döyülüb.

II qrup əlil və şəkərli diabet xəstəsi olan oğlumun burnu və dişləri sındırılıb, üz nahiyəsi tanınmaz hala salınıb. Gözlə görünməyən nahiyələrindən xəbərim yoxdur”.



F. Nəcəfquliyeva müraciətində yazır ki, İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan oğlu 05.02.2021-ci ildə aidiyyəti üzrə məhkəməyə gətirilib. Lakin oğlu şəhid ailəsinin üzvü və əlil olduğu üçün məhkəmə işi geri qaytarıb. Polislər C. Quluyevin barmaq izini götürmək üçün onu özləri ilə aparıblar və tezliklə buraxacaqlarını bildiriblər. Anası isə iddia edir ki, polislər sonradan oğlunun üzünə yalançı şahidlər qoyaraq, onu Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham edirlər.

Şikayətçi yazır ki, oğlu hazırda Sumqayıt Şəhər Polis İdarəsinin zirzəmisində saxlanılır və həyatı təhlükədədir.

F. Nəcəfquliyeva iddia edir ki, oğlunu vəhşicəsinə döyən polis əməkdaşlarından biri E. Rəhimovdur.

Ana müraciətində yazır:

“Mən oğlumun törətdiyi əməli pisləyirəm, ona haqq qazandırmıram.

Bəs polis əməkdaşları hansı ixtiyarla oğlumu bu hala salıblar? Onlara bu səlahiyyəti kim verib? Həmin polislər bu qədər qolu zorlu və güclüdürlərsə, mənim şəhid olan həyat yoldaşım kimi öz güclərini Qarabağ savaşında erməni terrorçularına göstərəydilər.



Oğluma qarşı bu zorakılığı edənlər Azərbaycan dövlətinin, Azərbaycan polisinin adına ləkə gətirən xainlər ola bilər. Mən bu vəhşiliyi törədən polislərin milli mənsubiyyətinə şübhə edirəm.

Polislər tərəfindən döyülən oğlumun oğlu hazırda hərbi xidmətdədir.

Sizdən xahiş edirəm ki, oğlumun Tibbi Ekspert Komissiyası tərəfindən yoxlanılıb rəy verilməsi, habelə oğlumu vəhşicəsinə döyüb, sifətini tanınmaz hala salan Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının istintaqa cəlb edilməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.

Sizə öncədən minnətdarlığımı bildirirəm!”

Redaksiyanın zəruri qeydi: Şəhid övladı və əlil olmaq kiminsə qanunları pozmasına haqq qazandırmır. Eləcə də qanunu pozanlara polisin işgəncə verməsi ciddi qanun pozuntusudur. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin məsələyə münasibətinə yer ayırmağa hazırıq.


***

Onu da qeyd edək ki, dünən Sumqayıt Şəhər Prokurorluğunun yaydığı məlumata görə, prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Sumqayıt şəhəri ərazisində xidmətdə olan polis əməkdaşına zor tətbiq etməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.

Bildirilir ki, 04 fevral 2021-ci il tarixdə saat 20 radələrində, paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi sakini, əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ceyhun Quluyevin sərxoş vəziyyətdə idarə etdiyi “Daewo” markalı 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının “Saxla!” işarəsinə tabe olmamasına, xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt Şəhər Polis İdarəsinin xidmətdə olan əməkdaşı Elnur Rəhimova zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Ceyhun Quluyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.




Bölməyə aid digər xəbərlər