Paşinyanın əleyhdarları Rusiyadan dəstək alıb?
Tarix: 08-02-2021 15:49 | Bölmə: Slayd
Paşinyanın əleyhdarları Rusiyadan dəstək alıb?

Ermənistanın Baş nazir Nikol Paşinyanın əleyhdarlarının fevralın 18-nə planlaşdırılan etiraz aksiyası fevralın 20-nə keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə müxalifətin birləşdiyi “Vətənin Xilası” Hərəkatının koordinatoru, Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

Məlumata görə, aksiyanın təxirə salınmasına səbəb fevralın 18-də Qarabağ hərəkatının başlanmasının 33-cü ildönümü ilə əlaqəlidir.

Revanşist İşxan Saqatelyan ötən gün parlamentdə hakim “Mənim addımım” fraksiyasında təmsil olunan deputatların Nikol Paşinyanla görüşü haqqında danışarkən deyib ki, Baş nazir müxtəlif vasitələrlə öz qərarlarını və hakimiyyətini qorumağa çalışır: “Lakin dəhşətli bir səhvə yol veriblər. Populist xainlər xalqı yalnız bir dəfə aldada bilərlər. İkinci dəfə aldatma nəticə verə bilməz. Bu gücdən seçkilər vasitəsilə xilas olmağı düşünən insanlar artıq küçələrə çıxmalıdır”.



İ. Saqatelyan N. Paşinyanın erkən parlament seçkilərinin keçirilməsindən imtina etməsinin üç səbəbi olduğunu iddia edib:

“Birincisi, Baş nazir kürsüsündən yapışan bu şəxs seçkilər yolu ilə buna nail olmayacağını başa düşür. Çünki bu, sadəcə mümkün deyil.

İkincisi, bu yolla gedəcəyi təqdirdə komandası ilə ciddi problemlər yaşayacağını anladı. Çünki təsadüfən parlamentə düşənlərin əksəriyyəti mandatını itirmə təhlükəsini hiss edirlər.

Üçüncüsü, hesab edirdilər ki, hərəkat sönüb, yalançı gündəm yaratmaqla cəmiyyətin diqqətini bir az daha çox yayındırsalar əməlləri həzm ediləcək və unudulacaq”.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Moskva səfərindən sonra müxalifətin fəallaşması müşahidə olunur. Bəzi eksperlər isə iddia edirlər ki, Paşinyanın devrilməsinə hazırlıq gedir və Köçəryan Rusiyadan siyasi dəstək ala bilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər