Politoloq: “Ermənilər kommunikasiyaların açılmasına mane ola bilməyəcək”
Tarix: 08-02-2021 17:52 | Bölmə: Slayd
Politoloq: “Ermənilər kommunikasiyaların açılmasına mane ola bilməyəcək”

“Regionda kommunikasiya xətlərinin açılması hər bir dövlətin xeyrinədir. Bundan Azərbaycan, Ermənistan, Türkiyə, İran, Rusiya və Gürcüstan ancaq udacaqlar. Bəli, bütün respublikaların ehtiyacı var ki, sərfəli yükdaşıma imkanlarına malik olsun, ticarət canlansın, iş getsin, mal gətirilsin”.

Bu fikirləri Reyting.az-a politoloq Rasim Ağayev Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasının mümkün olub-olmadığı haqda danışarkən deyib.

Onun fikrincə, kommunikasiya xətlərinin açılması bütün tərəflərin nəfinə olacaq:

“Söhbət ondan gedə bilər ki, tərəflər bundan nə dərəcədə istifadə edə biləcəklər. Yəni top yumuru, meydança da böyükdür. Hamı çalışacaq ki, daha çox uğur əldə etsin. Amma futbolda hamı udmur. Burada hazırlıqlı tərəf qalib olacaq. Məncə, gürcülər ağıllı tərpənib kənarda durdu. Amma mənzərə belədir ki, region ölkələri içərisində Azərbaycan istər iqtisadi, istərsə də hərbi çətinliklərə hazırlıqlıdır”.

Politoloq qeyd edib ki, Azərbaycan indiyə qədər böyük siyasi təcrübə toplayıb: “İndiyə qədər bizdə belə hal olmamışdı ki, böyük müharibəyə hazırlıq görülsün, müharibədə ən müasir silahlardan istifadə olunsun və nəticədə böyük qələbə qazanılsın. Ona görə də, indi regionda Azərbaycanın üstünlüyü açıq-aşkardır”.

R. Ağayevin fikrincə, Ermənistanda siyasətçilər müharibə və revanş mövzusunda səs-küy salsalar da, bu ölkədə müharibə tərəfdarı olan vətəndaşların sayı çox deyil: “Hazırda İrəvanda meydandan çığır-bağır salan siyasətçilər bunu karyera naminə edirlər. Əslində hamı anlayır ki, Azərbaycan əvvəlki ölkə deyil və onunla güc dili ilə danışmaq mümkünsüzdür. Dünya Azərbaycanla işləmək, onun imkanlarından yararlanmaq istəyir. Müharibə ancaq fəlakət gətirir. Odur ki, ermənilər müharibədə ancaq itirə bilərlər”.

Politoloq əlavə edib ki, regionda kommunikasiyalar açılacaq, sadəcə, bunun geci-tezi var: “Ermənilər bunun qarşısını almaq gücündə deyillər. Bəli, kommunikasiya ciddi məsələdir, üstəlik, Türkiyə və Rusiyanın bunda marağı böyükdür. Odur ki, ermənilər də bununla razılaşmağa məhkumdur. Hələlik buna mane olmağa çalışsalar da, artıq gecdir. Kommunikasiya xətləri açılmalı və iqtisadi fəallıq olmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər