Azərbaycandakı ziyarətgahlarda ciddi problemlər yaranıb
Tarix: 09-02-2021 19:49 | Bölmə: Slayd
Azərbaycandakı ziyarətgahlarda ciddi problemlər yaranıb

Koronavirus pandemiyası Azərbaycandakı müqəddəs ziyarətgahlara da təsirsiz ötüşməyib. İnanclı insanların tez-tez üz tutduğu, əsasən onların verdiyi ianələr hesabına əməkdaşlarına əməkhaqqı verən, kommunal xərcləri qarşılayan, müraciət edən imkansız ailələrə maddi yardımlar göstərən həmin ziyarətgahların (ocaqlar, pirlər və s.) əksəriyyəti indi ciddi maliyyə sıxıntısı ilə üzləşib.

Ölkəmizdə sərt karantin rejimi elan olunduqdan sonra ziyarətgahlar fəaliyyətini dayandırıb. Bu səbəbdən də ziyarətə gələnlər olmadığı üçün ianələr kəsilib və maddi problemlər yaranıb. Hətta əksər müqəddəs məkanlar əməkdaşlarına minimum əməkhaqqı ödəməkdə çətinlik çəkir.

Reyting.az-ın əldə etdiyi məlumata görə, ciddi maliyyə sıxıntısı ilə üzləşən müqəddəs məkanlardan biri də Gəncə “İmamzadə” dini kompleksidir. “İmamzadə” dini kompleksinin rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə maddi problemlərin minimal səviyyədə həlli üçün bir müddət əvvəl Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə müraciət edərək maddi yardım istəsə də, din xadiminə “yox” cavabı verilib. Erməni kilsəsini pulsuz təbii qazla təmin etdiyi deyilən, “iqtisadi imperiyası” Avropa ölkələrinin sərhədlərini aşan R. Abdullayevin rəhbəri olduğu qurumdan din adamına bildiriblər ki, SOCAR yalnız onun təsisçisinin müəyyən etdiyi və Dövlət proqramlarında icraçı təyin edildiyi tədbirləri maliyyələşdirir.

SOCAR-la yanaşı digər qurumlar və biznes strukturları da ziyarətgahlara minimal maliyyə yardımı etmək istəmir.

Hətta sərt karantin rejiminin yumşaldılması da fəaliyyətini ianələr hesabına tənzimləyən ziyarətgahları maliyyə çətinliyindən xilas etməyib. Bu səbəbdən də bəzi ziyarətgahlar əməkdaşlarının (Təmizlik işçiləri, bağban, gözətçi və s.) sayını azaltmaq məcburiyyətində qalıb. Aparılan ixtisarlar isə uzun illərdir həmin məkanlarda çalışanların narazılığına səbəb olur.




Bölməyə aid digər xəbərlər