Rusiya-Türkiyə münasibətləri gərginləşə bilər - ABŞ-da hazırlanmış xəritə rusları narahat edir - Foto
Tarix: 13-02-2021 14:59 | Bölmə: Slayd
Rusiya-Türkiyə münasibətləri gərginləşə bilər - ABŞ-da hazırlanmış xəritə rusları narahat edir

ABŞ-ın araşdırma mərkəzi olan və daha çox Mərkəzi Kəşfiyyat İdarəsinə yaxınlığı ilə seçilən “Startfor”un ötən həftə yaydığı “2050-ci ildə Türkiyənin təsir dairəsi” ilə bağlı xəritə Rusiya KİV-lərində şimal qonşumuza təhdid kimi qiymətləndirilib.

Reyting.az
xəbər verir ki, rusiyalı deputat və siyasətçilər xəritəyə görə Türkiyəni hədəfə alıblar.

Qeyd edək ki, sözügedən xəritədə Türkiyənin təsir dairəsində olacaq ərazilərdə Gürcüstan, Ermənistan, Azərbaycan, Krım, Türkmənistan və Qazaxıstan da yer alıb. Rusiyanın güclü olduğu bu bölgələrin xəritədə qırmızı sahə içərisində göstərilməsi Rusiya tərəfinin diqqətini çəkib.



Hətta Rusiyanın “Ria Novosti” agentliyi “TGRT Xəbər”də yayımlanan məlum xəritəni dövlət televiziyası olan “TRT”-də yayılmış kimi təqdim edib.

Dumanın Müdafiə komitəsi sədrinin müavini Andrey Krasov bildirib ki, Ankaranın Osmanlı torpaqlarını yenidən təsir dairəsinə salmaq və rus torpaqlarını zorla ilhaq etmək istəyəcəyini düşünmür: “Krım çoxdan Rusiyaya qatılıb. Türk rəsmilər Rusiya tarixini daha yaxından araşdırmalıdırlar. Rusiyanın ruhunu, gücünü və bizim silahlarımızı öz üzərlərində test etmək istəyirlərsə, buyursunlar”.

Deputat Pavel Şperov isə deyib ki, Türkiyə Krımla bağlı iddialarını gizlətmir və Türkiyənin siyasi dairələri yarımadanın ilhaqı mövzusunu müzakirə edirlər:

“Türkiyənin gerçəkdən də 300 il əvvəl sahibi olduğu bölgələrə dönmək, hətta bəzi torpaqları ələ keçirmək istədiyi açıqdır, ancaq ciddi bir addım atacaqlarını gözəmirəm. Hər şeyə hazırlıqlı olmalı, türk siyasətçilərin açıqlamalarını diqqətlə izləməliyik. Türkiyə dövlət kanalında yayımlanan xəritəyə Rusiya XİN reaksiya verməlidir”.

Aleksandr Şerin də Rusiyanın bu cür hadisələrə daha ciddi yanaşmasını vacib sayır: “Dağlıq Qarabağdakı uğurlu əməliyyatın ardından Türkiyənin birmənalı şəkildə öz gücünə inamı artıb. Bu səbəbdən də Ankara rəsmi olaraq hara gedəcəyini göstərir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər