Deputat: “Rusiya Mehri dəhlizinin tezliklə açılmasında maraqlıdır”
Tarix: 15-02-2021 14:38 | Bölmə: Slayd
Deputat: “Rusiya Mehri dəhlizinin tezliklə açılmasında maraqlıdır”

“Regionda yeni kommunikasiya açıldıqdan sonra Gürcüstanın itkilərə məruz qalacağı, siyasətin dəyişəcəyi haqda fikirlərə ciddi yanaşmıram. Bunlar əsası olmayan fikirlərdir. Kommunikasiyalar açılacaq, amma yüklərin daşınması indiki kimi qalacaq. Kommunikasiyaların açılması ona hesablanır ki, internsiv əməkdaşlıq nəticəsində yüklərin daşınmasının həcmi artsın. Bu mənada düşünmürəm ki, Gürcüstan bundan nəsə itirəcək”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov 44 günlük Vətən müharibəsindən sonra regionda yeni kommunikasiyaların açılmasının Gürcüstana mümkün təsirlərini şərh edərkən deyib.

Politoloq hesab etmir ki, bütün bunlar Gürcüstana ciddi şəkildə təsir göstərə bilər: “Üstəlik, biz maraqlı deyilik ki, Gürcüstandan keçən yolların istifadəsi aşağı düşsün. Bakı-Tiflis-Qars yolunun tikintisində əsas maliyyəni kim verib? Azərbaycan. Bu maliyyənin qaytarılması oradan daşınan yüklərin hesabına olmalıdır. Yoxsa, biz bunda maraqlı deyilik? Maraqlıyıq. Gürcüstan ərazisindən bizim neft və qaz boruları gedir. Biz onları bağlamaq və Ermənistandan keçməklə yeni xətlər çəkmək niyyətindəyik? Xeyr. Bunların hamısı işləyəcək. Dəmir yolu da əvvəlki kimi işləyəcək, borular da fəaliyyətini davam etdirəcək. Sadəcə, yeni xətlər üçün imkan yaradaılcaq. Həm də bu yolu bərpa etmək üçün illər lazım gələcək”.

Politoloqun fikrincə, yeni xətlər imkan verəcək ki, daşımalar artsın: “Həm Mərkəzi Asiyadan, həm də Çindən. Belə olan halda Gürcüstan xətti də istifadə ediləcək. Sadəcə, Rusiya Gürcüstandan keçərək hərbi daşınmaları Ermənistana apara bilmir. Gürcüstana buna icazə vermir. Biz də Ermənistana buraxmırdıq. Bu səbəbdən Rusiya maraqlıdır ki, Ermənistan və İrana daşınmaları həyata keçirmək imkanı olan Mehri dəhlizi tezliklə istifadəyə verilsin. Bu, yeni daşımalar olacaq və Gürcüstanla əlaqəsi yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər