Ermənistandakı revanşist qüvvələrin siyasi perspektivi yoxdur
Tarix: 23-06-2021 14:41 | Bölmə: Slayd
Ermənistandakı revanşist qüvvələrin siyasi perspektivi yoxdur

“Ermənistandakı revanşist qüvvələrin perspektivi yoxdur. Əvvəla, Ermənistanın bu günə gəlib düşməsinin səbəbkarı Paşinyan və komandası deyil. Sadəcə, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə bir növ mexanizmi dağılan avtomobili təhvil aldı. Yəni Ermənistan korrupsiya və qanunsuzluq səbəbindən səfalət həddində idi. Sarksiyan-Köçəryan klanı fəxr etdiyi ordunu artıq ağır vəziyyətə salmışdı. Ordu amilindən korrupsiya yolu ilə milyonlara sahiblənən generallar təbəqəsi yaranmışdı”.

Bunu Reyting.az-a şiyasi şərhçi Oqtaq Qasımov son seçkilərdən sonra Ermənistandakı revanşist qüvvələrin perspektivini şərh edərkən deyib.

Onun fikrincə, Ermənistandakı növbədənkənar parlament seçkilərdən sonra Paşinyan hökuməti erməni ordusunun son 23 illik fəaliyyətini yoxlamağa cəhd edəcək: “Məncə, ordudakı koprrupsiya, rüşvət halları ciddi araşdırılsa və siyasi mübarizə şiddətlənsə, bu halda revanşist qüvvələrə qarşı məhkəmə araşdırmaları başlana bilər. Amma bu qüvvələr nisbətən sakit dayansalar mövcudluqlarını bir müddət qoruyacaqlar”.

O. Qasımovun sözlərinə görə, reallıq budur ki, erməni cəmiyyəti keçmişə qayıdışı rədd edir: “Ermənistanda yetişən gənc nəsil Köçəryan-Sarksiyan tipli fiqurların hakimiyyətə qayıdışında maraqlı deyillər”.

Siyasi şərhçi əlavə edib ki, erməni cəmiyyətində təbəqələşmə var: “Söhbət regional əsasda bölünmədən gedir. Bu gün faktiki olaraq erməni cəmiyyəti bölünmüş vəziyyətdədir. Bu yalnız siyasi baxışlarla bağlı deyil. Söhbət əhalinin ərazi üzrə bölünməsi və yerliçilik məsələlərinin önə çıxmasından gedir. Müharibədən sonrakı dövrdə bu amil özünü daha qabarıq göstərməyə başladı. Ermənistandakı son seçkilərin nəticəsi həm də yerli ermənilərin qarabağlı ermənilərə olan münasibəti və nifrəti ilə bağlıdır. Erməni cəmiyyəti Qarabağdan gələn insanları qəbul etmir. Belə vəziyyət Ermənistanda 10 illərdir davam edir.

Hələ SSRİ zamanı Qarabağ ermənilərini Ermənistanda “dönmə erməni” adlandırırdılar. Qarabağlılara son 30 ildə münasibət daha da pisləşib. Qarabağlı ermənilərin uzun illər Ermənistanda hakimiyyəti ələ keçirməsi, qanunsuz və hüquqsuzluq yaratması, korrupsiyaya rəvac verməsi yerli ermənilərin ciddi narazılığına səbəb olub. Fürsət yaranan kimi bunu nümayiş etdirdilər, 2018-ci ildə Paşinyan inqilabını dəstəklədilər.

Ermənistanda ikinci qrup ermənilər əsasən diaspora vasitəsilə Ermənistana gələn ermənilərdir. Bunlara yerli ermənilərin münasibəti daha yumşaqdır. Diaspora xətti ilə ora gələnləri yerli ermənilər “qardaş” deyə çağırırlar.

Son dövrlər bu bölünməyə daha bir əlavə var -süniklilər. Süniklilər (Zəngəzur) qarabağlılarla ermənistanlılar arasında tompon xətdədir. Burada yerliçilik amili də nəzərə alınmalıdır”.

O. Qasımov hesab edir ki, bundan sonra Qarabağ ermənilərinin faşist düşüncəli şüarlarla önə çıxması mümkünsüzdür: “Nəzərə alınmalıdır ki, Köçəryanın bu seçkilərdə istifadə etdiyi resurs və imkanlar iki il sonra olmayacaq. Paşinyanın elan etdiyi kimi, dövlət strukturlarında ciddi təmizlənmə gedəcəksə, bu, eyni zamanda ordu və hüquq-mühafizə orqanlarını da əhatə edəcək. Bu da o deməkdir ki, revanşistlərin imkanları daha da məhdudlaşdırılacaq. Bu addımlar Köçəryan və Sarksiyan kimi şəxslərin sonrakı siyasi fəaliyyətinə təsirsiz ötüşməyəcək. Eyni zamanda burada yaş amili də var. Onların yaşları 70-ə yaxınlaşır. Yəni siyasi və fiziki baxımından qürub dövrlərini yaşayırlar. Köçəryanın başında durduğu revanşistlərin bir şansı ola bilər - bu da Rusiyanın dəstəyi ilə hərbi çevrilişdir. Ancaq Moskva Paşinyanın qələbəsini qəbul etdi.

Siyasətdə zaman vacib faktordur. Zaman isə Köçəryan-Sarksiyan zehniyyətinin artıq Ermənistanda dəstək qazanmayacağını göstərir. Yəni belə faşist mövqeli qüvvələrin siyasi perspektivi görünmür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər