Vasitəçilər sülh müqaviləsi üçün danışıqlara başlamaq istəyirlər - Deputat
Tarix: 23-06-2021 17:47 | Bölmə: Slayd
Vasitəçilər sülh müqaviləsi üçün danışıqlara başlamaq istəyirlər

“İndi ortada konkret məsələlər var. Bu məsələlərdən gündəlikdə duran minalanmış ərazilərin xəritəsidir. Ermənilər, elə biz də təkid edirik ki, minalanmış ərazilərin xəritələri Azərbaycana təqdim olunsun və Ermənistan rus sülhməramlıların nəzarəti altında qalan ərazidən ordu qalıqlarını çıxartsın. Bunun müqabilində Azərbaycan müəyyən əsir alınan diversantları onlara qaytara bilər. Əlbəttə, burada söhbət bütün əsirlərdən getmir. Onların arasında elələri var ki, dəhşətli cinayətlər törədiblər. Onlar cavab verməlidir. Azərbaycan ərazilərində hərbi cinayət törətməyənlərin geri qaytarılması bu addımların qarşısında mümkün görünə bilər”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib. Deputat hesab edir ki, bu məqamlar ilk növbədə həll olunmalı məsələdir. Ona görə də, bununla paralel olaraq Zəngəzur dəhlizinin açılması da lazımdır: “Hazırda bunun müzakirəsi gedir. Eyni zamanda sərhədlərin dəqiqləşdirilməsi də vacib məsələdir. Bununla bağlı üçtərəfli komissiya işləməli və bu işlər həyata keçirilməlidir. Hesab edirəm ki, indi əsas gündəm müzakirəsini təşkil edən məsələlər bunlardır”.


Rasim Musabəyov

R. Musabəyov qeyd edib ki, daha geniş məsələ də var: “Cənab Prezident təklif edib ki, sülh müqaviləsi imzalansın. Bununla bağlı vasitəçilər də hansısa hərəkət etmək niyyətindədirlər. Buyurub işləsinlər. Məqbul təklif olarsa, müzakirələr başlaya bilər. Amma ilk növbədə Nikol Paşinyan özünün hökumətini qurmalıdır. Xüsusilə, Xarici İşlər Nazirliyini. Nəzərə alınmalıdır ki, Ermənistanın Xarici İşlər Nazirliyi tamamilə dağıdılıb. Əvvəl nazir, ardınca müavinlər istefa veriblər. Həmçinin Ermənistanın bir çox səfirləri və səfirlikdə işləyən diplomatları Nikol Paşinyanın əleyhinə səs veriblər. Paşinyan bu istiqamətdə də işlərini saf-çürük etməlidir. Ona gündəlik iş aparan Xarici İşlər Nazirliyi vacibdir. Bu da müəyyən vaxt tələb edəcək”.

Deputat əlavə edib ki, hələlik Ermənistandakı seçkilərin nəticələri təsdiqlənməli, hökumət və Xarici İşlər Nazirliyi qurulmalıdır: “Belə görünür ki, bu nazirlik Paşinyanın əleyhinə işləyib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər