ABŞ İranı Çin və Rusiya ilə mübarizəyə cəlb etmək istəyir - Professor
Tarix: 24-06-2021 12:51 | Bölmə: Slayd
ABŞ İranı Çin və Rusiya ilə mübarizəyə cəlb etmək istəyir

“Vyanada faktiki olaraq İran və ABŞ arasında danışıqlar gedir. Bu danışıqlarda avropalı diplomatlar vasitəçi kimi çıxış edirlər. Danışıqlarda müəyyən irəliləyişlər var və İrana qarşı tətbiq edilən yüzlərlə sanksiyanın ləğvi gözlənilir. Amma bu o demək deyil ki, bütün sanksiyalar ləğv ediləcək”.

Bunu Reyting.az-a professor Əli Abbasov Vyanda İran və ABŞ arasında aparılan danışıqlar və ciddi irəlləyişin əldə olunmasına dair ehtimalları şərh edərkən bildirib.

Əli Abbasovun sözlərinə görə, İranda mühafizəkar siyasi xəttin tərəfdarı olan İbrahim Rəisinin prezident seçilməsindən sonra ABŞ istəyir ki, bəzi sanksiyaları götürməklə Tehranın yeni hökumətinin danışıqlara qoşulmasını təmin etsin: “Ancaq ABŞ dövlət katibi Antoni Blinken açıq bildirib ki, bəzi sanksiyalar davam edəcək.

İkincisi, ən vacib məsələ odur ki, ABŞ ordusu Orta Şərqdən və Yaxın Şərqdən çıxarılır. Artıq bununla bağlı Əfqanıstanda işlərə başlanılıb. ABŞ istəyir ki, indi İranın vəziyyəti dəyişsin. Yəni Tehran və Ankara bir tərəfdən, İsrail və Səudiyyə Ərəbistanı digər tərəfdən regionda aparıcı qüvvə olsunlar. Başqa sözlə, ABŞ-ın boşaltdığı meydanı Rusiya doldurmasın. Bu mənada İranla nüvə işi ilə əlaqəli olmayan danışılar da aparılır. Hesab edirəm ki, biz avqust ayını gözləməliyik. Avqustun 3-də İranın yeni prezidenti fəaliyyətə başlayacaq. Ona qədər ABŞ bir çox işləri İranın indiki hökuməti ilə görməlidir”.

Professor diqqətə çatdırıb ki, ABŞ-ın bu mərhələdə İranla problemləri nisbətən yoluna qoymaq və əsas diqqətini Rusiya ilə Çinə yönəltmək ideyası da var: “ABŞ Yaxın Şərqdən gedirsə, boşluğu rusların doldurmasını arzulamır. Bu mənada Türkiyə və İranın rolu genişlənə bilər. Eyni zamanda bütün söhbətlər ABŞ və Rusiya məsələsindən gedir. Amma ortada Çin faktoru da var. İbrahim Rəisi mətbuat konfransında bildirdi ki, İran və Çinin böyük potensialı var. Maraqlıdır ki, o, Rusiyadan ümumiyyətlə söhbət açmayıb. Güman ki, artıq regionda proseslər normal gedəndən sonra bütün məsələlər Çinlə əlaqəli olacaq. Bu mənada Vaşinqton İranı da hansısa formada öz tərəfinə çəkməyə çalışır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər