Sülhməramlıların Qarabağdan çıxması asanlaşa bilər
Tarix: 24-06-2021 13:22 | Bölmə: Slayd
Sülhməramlıların Qarabağdan çıxması asanlaşa bilər

“Əgər Nikol Paşinyan hökuməti tam formalaşdırsa və parlamentdə revanşistlər ona mane olmasalar, tədricən Azərbaycanla danışıqlara getməyə meyilli olacaq. Burada əsas məsələ Ermənistanın meylinin hansı istiqamətə olmasıdır. Rusiyaya meyldən imtina ediləcək, ya yox? Əgər ediləcəksə, bu halda Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlər mərhələli şəkildə həllini tapa bilər”.

Bu sözləri Ermənistanın yaxın dövrdə atacağı addımları proqnozlaşdıran “Ayna-Zerkolo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı Reyting.az-a deyib.

Onun fikrincə, Ermənistanda Rusiya təsiri düşünüldüyündən də genişdir: “Unutmayaq ki, Ermənistanın sərhədlərini Rusiyanın Sərhəd Xidməti mühafizə edir. Ermənistan dəmir yolu idarəsi Rusiyanın idarəçiliyindədir. Eyni zamanda Köçəryan kimi rus amili Ermənistan parlamentində ana müxalifətdir. Məncə, çəkişmələr çox olacaq. Bu onların öz işidir. Bizi maraqlandıran odur ki, Ermənistan bizimlə normal münasibətlər qurmaq istəyəcəkmi? Məncə, bundan çox şey asılıdır.

Biz hələ Xankəndi məsələsini həll etməliyik. Eyni zamanda rus sülhməramlıları regiondadır. Fikrimcə, Ermənistan bizimlə normal münasibətlər qurmaq istəyəcəksə və meylini Qərb tərəfə tutacaqsa, bu halda zamanla sülhməramlıların regiondan çıxması da asanlaşacaq”.

Analitik əlavə edib ki, indi Azərbaycan güclü mövqedədir və daha çox şey Ermənistandan asılıdır: “Azərbaycan tərəfi normal münasibətlər qurmağa hazır olduğunu dəfələrlə bəyan edib. Əgər Ermənistan normal münasibətlər qurmaq niyyətindədirsə, bunu nümayiş etdirməlidir. Düzdür, indi Ermənistanda yeni hökumət qurulacaq, parlamentin tərkibində dəyişikliklər olacaq. Yəni bir müddət başları özlərinə qarışacaq. Amma bu məsələləri həll etdikdən sonra biz İrəvanın siyasətinin nədən ibarət olacağını görəcəyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər