Rusiya Xankəndi şəhərində növbəti təhlükəli oyuna başlayıb
Tarix: 24-06-2021 14:14 | Bölmə: Slayd
Rusiya Xankəndi şəhərində növbəti təhlükəli oyuna başlayıb

“Nikol Paşinyanın simasında Ermənistan erməniləri ilə Robert Köçəryanın simasında Qarabağ erməniləri arasında böyük uçurum yaranıb. Azərbaycanın Xankəndi şəhərindəki baş separatçı Araik Arutyunyan Nikol Paşinyan hakimiyyətini dəstəkləyir, onunla birgə hərəkət edir. Köçəryan tərəfdarları isə çalışır ki, Qarabağ erməniləri Paşinyana qarşı qüvvə olsun. Məncə, Xankəndində baş verən son hadisələr bunu göstərir”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədrinin fikrincə, iyunun 21-də Xankəndidə yaşayan bir qrup erməninin Araik Arutyunyanın istefasını tələb etməsi, bundan iki gün sonra Arutyunyanın cavab mitinqi keçirərək vəzifəsindən getməyəcəyini göstərməsi Qarabağdakı ermənilərin daxili çəkişmələrindən xəbər verir.

S. Cəlaloğlu ehtimal edir ki, Xankəndi şəhərindəki oyunun alt qatlarında Rusiya da var: “Ehtimal edirəm ki, ruslar Xankəndi şəhərində yaşayan ermənilərlə İrəvandakı ermənilərin arasını vurur. Bilir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağın tərəfdarıdır. Bu da Rusiyanın Cənubi Qafqaz siyasəti üçün sərfəli deyil. Bu mənada ruslar Dağlıq Qarabağdakı erməniləri elə vəziyyətə gətirmək istəyir ki, Paşinyanın iradəsinə zidd olaraq sülhə müqavimət göstərsinlər, mütəmadi olaraq Azərbaycanla gərginlik yaratsınlar. Ruslar da bunu bəhanə edərək regionda qala bilsinlər. Məncə, indiki halda Xankəndi şəhərində gedən oyunun mahiyyəti bundan ibarətdir”.

S. Cəlaloğlu əlavə edib ki, ruslar Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamasının qarşısını almaq üçün Xankəndi şəhərində oyun qurublar:

“Xankəndidə başlayan prosesin nə ilə yekunlaşacağını indi demək çətindir. Rusiya orada güclənsə, sözsüz ki, Köçəryan tərəfdarları Qarabağda hakimiyyəti ələ alacaqlar. Bu halda Paşinyanın siyasəti şantaj olunacaq. Yox, əgər Paşinyanın dəstəklədiyi Araik Arutyunyan güclənəcəksə, deməli, Paşinyanın siyasəti həm də Dağlıq Qarabağa şamil olunacaq. Yəni Dağlıq Qarabağdan imtina ediləcək. Azərbaycanla saziş imzalanacaqsa, bu zaman Xankəndi şəhərində insidentlər və bizə qarşı təxribatçı hərəkətlər olmayacaq. Rusiya istəyir, Xankəndi şəhərində elə qüvvələr hakimiyyətdə olsun ki, Paşinyan müstəqil addım atdıqda gərginlik yarada bilsinlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər