Vətən müharibəsi hərbi əməliyyatların yeni reallığını ortaya qoyub
Tarix: 25-06-2021 18:53 | Bölmə: Slayd
Vətən müharibəsi hərbi əməliyyatların yeni reallığını ortaya qoyub

“Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Azərbaycan tarixinin ən parlaq qələbəsi məhz 44 günlük Vətən müharibəsində oldu”.

Bunu Reyting.az-a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib. Deputat əlavə edib ki, Vətən müharibəsindəki qələbənin kökündə Ulu öndər Heydər Əliyevin 1993-cü ildən təməlini qoyduğu nizamlı ordu quruculuğu durur:

“2003-cü ildən bugünə kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahə prioritet vəzifə kimi müəyyənləşib və Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub. Əslində 44 günlük Vətən müharibəsi dünyada hərbi əməliyyatların yeni reallığını ortaya qoydu. Çünki Azərbaycan Ordusunun müasir texnologiyalara yiyələnməsini, vətənə sevgisini, o cümlədən hər bir əsgər və zabitimizin döyüş meydanında qəhrəmanlıq nümayiş etdirməsini, hər birinin vətən uğrunda şəhid olmağa hazır olduğunu bütün dünya bilir. Azərbaycanın hərbi qələbəsini bugünə kimi dünyanın hərbi baxımdan ən qüdrətli ölkələri də öyrənir və öz ölkələrində ordu quruculuğunda tətbiq etməyə çalışırlar”.


C. Osmanov

C. Osmanov diqqətə çatdırıb ki, Prezident şəhid olmuş şəxslərin ailə üzvlərini, müharibə zamanı sağlamlığını itirmiş şəxsləri, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərini hər zaman diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir: “Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaralı əsgər və zabitlərimizlə görüşü oldu. Bundan sonrakı mərhələdə cənab Prezidentimizin sərəncamı ilə igid əsgər və zabitlərimiz müxtəlif medal və hərbi rütbələrlə təltif olundu”.

Deputat qeyd edib ki, şəhid ailələri və qazilərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların 2025-ci ilədək mənzillə təmin olunması istiqamətində verilmiş sərəncam, o cümlədən onların vahid reyestrinin aparılması, nəqliyyat vasitələri ilə təmin olunması və bu kimi addımlar ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövlətinin Azərbaycan Silahlı Qüvvələrinə böyük diqqət və qayğısının təzahürüdür: “26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Prezidenti, qalib ordunun rəhbəri İlham Əliyevin Sərəncamı ilə 76 mindən çox hərbi qulluqçumuzun müxtəlif medallarla, ali hərbi rütbələrlə təltif olunması bunun əyani sübutudur. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda hərbi xidmət aparan hərbi qulluqçularımızın maaşının 20-60 faiz arasında qaldırılması, bir daha hərbi qulluqçularımıza olan Azərbaycan dövlətinin, Prezidentimizin diqqəti və qayğısıdır. Azərbaycan Ordusu da hər zaman müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşib, Azərbaycan xalqının, müstəqilliyimizin, sərhədlərimizin qorunması istiqamətində ayıq-sayıq olub və qəhrəmanlıq nümayiş etdirib”.

C. Osmanov 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə hərbçiləri təbrik edib:

“Silahlı Qüvvələr Günü münasibəti ilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla Silahlı Qüvvələrin bütün əsgər və zabitləri, qəhrəmanlarımızı təbrik edirəm. Bundan sonrakı fəaliyyətlərində onlara uğurlar arzulayıram".




Bölməyə aid digər xəbərlər