Politoloq: “KTMT-nin baş katibi Zasın İrəvana gəlməsi...”
Tarix: 11-08-2021 12:00 | Bölmə: Slayd
Politoloq: “KTMT-nin baş katibi Zasın İrəvana gəlməsi...”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasın İrəvana gəlməsi o demək deyil ki, KTMT bundan sonra Nikol Paşinyanın nazı ilə oynayacaq. KTMT 44 günlük müharibə zamanı sübut etdi ki, onlar bu prosesə qarışmayacaq. KTMT-nin Azərbaycanla münasibətlərini pozmaq kimi planları yoxdur. Bunu da açıq şəkildə deyiblər. Nəzərə almaq lazımdır ki, KTMT-də Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan təmsil olunurlar. Burada Ermənistan istisna olmaqla əsas oyunçular ya Azərbaycanın portnyorları, ya da strateji müttəfiqləridir”.

Bunu Reyting.az-a politoloq Fikrət Sadıqov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Stanislav Zasın İrəvan səfəri, keçirdiyi görüşlər və sərhəddə baş verənləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Zas İrəvanda əsas söhbətlərinin istiqamətini KTMT ilə Ermənistan arasında texniki əməkdaşlığa yönəldib: “Əslində bu o deməkdir ki, Zas İrəvana ona görə gəlməyib ki, Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edərək Azərbaycana qarşı hansısa planlar təşkil etsin. Bu reallıqdır və düşünürəm ki, Ermənistan rəsmiləri bunu yaxşı dərk etməlidir”.

KTMT baş katibinin sərhəddə baş verənlərin monitorinqi ilə əlaqədar Ermənistanın dövlət qurumları ilə əməkdaşlıq etdiklərinə dair fikirlərinə gəldikdə, F. Sadıqov əlavə edib ki, burada təhlükə yoxdur: “Buyurub monitorinq aparsınlar. Biz monitorinqə etiraz etmirik ki... Missiya təşkil etsinlər və görsünlər ki, kimin ərazisi kimin nəzarəti altındadır. Buyurub sənədlərə və xəritələrə baxsınlar. Biz heç kəsin torpaqlarına göz dikməmişik və iddialı deyilik. Düşünmürəm ki, biz belə bir monitorinqin keçirilməsinə etiraz edək. Söhbət ora qoşunların yeridilməsindən gedərsə, bu, absurd olardır. Çünki KTMT açıq şəkildə İrəvana deyib ki, bu məsələyə qarışmayacaq. Bu da o deməkdir ki, Azərbaycan Ermənistanın torpaqlarına göz dikməyib, aqressiv hərəkətlər etmir və belə niyyəti də yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər