Tarix: 14-03-2016 12:17 | Bölmə: Şou-biznes
İlhamə Quliyevanın qəfil ölümü müəyyən şübhələrə də
yol açmışdı. Müğənninin ölümündən bir neçə gün əvvəl Bakı Şəhər Prokurorluğunun
müstəntiqləri tərəfindən dindirilməsi, onun zəhərlənməsi ilə bağlı iddiaların
araşdırılmasının İ.Quliyevanın səhhətinə mənfi təsir etməsinə dair iddialar da
vardı. Məlumata görə, müğənni ölümündən qabaq çox gərgin olub. O, yaşadığı mənzildə
çox ciddi şəkildə dinləmə qurğusu axtarışları apartdırıb.
Reyting.az musavat.com-a istinadən xəbər verir ki,
İ.Quliyevanın ətrafında olan şəxslər onun mənzilinə gizli dinləmə qurğusu yerləşdirilməsinə
inandırıblarmış. Deyiblər ki, mənzildə baş verənlərin mətbuat səhifəsinə
çıxması təsadüfi deyil, xüsusi dinləmə vasitəsi ilə mənzildə baş verənlər
sonradan mətbuata ötürülür. Bundan çox əndişələnən müğənni mənzilə dinləmə
cihazı axtaran mütəxəssislər gətizdirib.
Yada salaq ki, həmin ərəfələrdə, bu il fevralın ilk günlərində
mətbuatda İ.Quliyevanın ərizəsi əsasında həbsə alınan Mehriban Hüseynovanın
sensasiyalı məktubu dərc olunmuşdu. M.Hüseynova məhbəsdən "Yeni Müsavat”a
göndərdiyi məktubda İ.Quliyevanın onu tutdurmasının səbəbinə də aydınlıq gətirmişdi,
onun efirdə yaltaqlandığı şəxslər haqqında evdə nalayiq ifadələr işlətdiyini
iddia etmişdi.
M.Hüseynova İ.Quliyevanın mənzildə bu kontekstdə dilə gətirdiyi
fikirlərin səs yazısının onda olduğuna da işarə etmişdi. Lakin İ.Quliyeva öz
kanalları vasitəsi ilə istintaqa yaxın mənbələrdən öyrənə bilib ki, belə bir səs
yazısı M.Hüseynovada yoxdur. Amma digər şəxsdə ola bilməsi ehtimalı
İ.Quliyevaya rahatlıq vermirmiş. Ətrafının "mənzildə ”juçok"
var" fikirləri və bu narahatlıqları müğənninin son günlərində çox gərgin
anlar yaşamasına səbəb olubmuş. İ.Quliyevanın ətrafında olanların onu belə bir
fikrə inandırmaqda məqsədlərinin nə olması haqda indi yalnız ehtimallar irəli
sürmək olar. Müxtəlif xəstəliklərdən müalicə olunan birinə stress yaşada biləcək
məlumatların verilməsinin hansı nəticəyə aparıb çıxaracağını da təxmin etmək elə
də çətin deyildi...
Müğənninin ölümündən sonra baş verən mülk davaları da bu təxminləri
gücləndirir...
Bu yerdə İ.Quliyevanın ölümündən bir neçə gün əvvəl mənzilinə
dinləmə qurğusu axtaran mütəxəssislər gətirməsinə qayıdaq. Həmin mütəxəssislər
mənzili ələk-vələk edib, amma müğənninin ətrafının iddia etdiyi "juçok”
tapılmayıb!
İ.Quliyevanın yaşadığı stress isə öz işini görüb. Bu,
ehtimaldır və yoxlanılmasına ehtiyac var.
Yada salaq ki, İlhamə Quliyevanın ölümündən dərhal sonra
mirası üstə dava düşdü; qohumlar bir-birilərini ittiham etməyə başladı. Müğənninin
bacısı Gülbahar Quliyeva "Bir də gördünüz ki, bir yerdən qızı da çıxdı”,-
deməklə aranı qatdı. Onun bu açıqlaması ortalığı bir-birinə vurmaqla yanaşı,
miras qalmaqalını kulminasiya həddinə çatdırdı.
İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev "Yeni
Müsavat”a açıqlamasında bildirmişdi ki, mərhumun mirası dövlətə qalacaq. Çünki
hər kəsin müğənninin oğlu kimi tanıdığı Orxan Nadirov sənəd üzərində başqa şəxsin
övladıdır və müğənni onu sənədləşdirmədən övladlığa götürüb: "Sadəcə
xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa
götürməyib. Heç bir hüquqi sənəd yoxdur təsdiqləsin ki, Orxan onun oğulluğudur.
Elə bir vəsiyyətnamə də yoxdur ki, ”mən mirasımı ölümümdən sonra Orxana verirəm".
Orxan Nadirovun vəkili müğənninin açıqlaması haqda bunları
demişdi: "Orxan İlhamə xanımın oğludur. Bu, hər yerdə göstərilir. Hətta dəfn
mərasimində heç kimi təqdim etmədilər, amma Orxanı İlhamə xanımın oğlu kimi təqdim
etdilər. Hətta nazir də (Əbülfəs Qarayevi nəzərdə tutur-red.) Orxanı İlhamə
xanımın oğlu kimi təqdim etdi. Orxan bələkdə olandan İlhamə xanımın oğlu kimi təqdim
olunub. Əli Mirəliyev çox söz deyə bilər. Hüquqi varis qanunlar tərəfindən tənzim
olunacaq”.
İ.Quliyevanın qohumu Əli Mirəliyevin qalmaqallı miras
açıqlamaları müğənninin bacısı Gülbahar Quliyevanı və oğulluğu Orxan Nadirovu
özündən çıxarıb. Orxan Nadirov mətbuat vasitəsi ilə Əli Mirəliyevə onların ailəsinin
daxili işlərinə qarışmaması ilə bağlı xəbərdarlıq edib. Bacısı Gülbahar
Quliyeva isə ortada "mal davası” olmasına işarə etmişdi: "Mən onun
bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları
bizik... Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumu
da deyil”.
İlhamə Quliyevanın dayısının kürəkəni, müğənni Əli Mirəliyevin
sözlərinə görə, müğənninin dəfnindən qayıdanda həmin evin qıfılının dəyişdirildiyinin
şahidi olub. Əli Mirəliyev bu işin Orxan Nadirov tərəfindən həyata keçirildiyinə
işarə vurmuşdu...
İ.Quliyevanın mirasına gəldikdə isə yaxınlarının da
iddialarına görə, müğənninin Bakının bir neçə yerində mənzilləri, bahalı
avtomobilləri, çoxlu qızıl-zinət əşyaları, brilyantı, həmçinin, bank
hesablarında kifayət qədər böyük həcmdə pulu varmış.
Bölməyə aid digər xəbərlər