Konqresmen ulduzlardan xəbər gözləyir
Tarix: 12-08-2025 07:55 | Bölmə: Xəbərlər
Konqresmen ulduzlardan xəbər gözləyir

Florida ştatından olan respublikaçı konqresmen Anna Paulina Luna NASA-ya (ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) müraciət edib. Amerikalı konqresmen yeni ulduzlararası obyektlərin arxasınca zond göndərməyi təklif edib. Çünki iyulun əvvəlində astronomların aşkar etdiyi yeni ulduzlararası kometa təkcə alimləri yox, siyasətçiləri də narahat edir.

Reyting.az
-ın məlumatına görə, Anna Paulina Luna bu mövzu ilə əlaqədar NASA-nın müvəqqəti rəhbəri Şon Daffiyə məktub göndərib və Harvardın tanınmış astronomu Abraham Lebinin daha əvvəl irəli sürdüyü ideyanı dəstəkləyib.

Lunanın fikrincə, "Yuno" zondunun ulduzlararası obyekt olan "3I/ATLAS"-ı müşahidə etmək üçün istifadə müddətinin uzadılması daha düzgün addım olardı.

"Məsləhət görülür ki, NASA da araşdırma aparsın, "Yuno"-nun mühərriklərində nə qədər yanacaq qaldığını qiymətləndirsin. Bildirirəm ki, mən "Yuno" missiyasının ən azı, 2026-cı ilin martın ortalarına qədər uzadılmasını tamamilə dəstəkləyirəm. Bu, həmçinin cari bitmə tarixindən, 2025-ci ilin sentyabr ayının ortasından başlayan bir layihə kimi, eyni zamanda da hər altı ay üçün təxminən 15 milyon dollara başa gələcək",- deyə amerikalı konqresmenin məktubunda qeyd olunur.

Lakin ekspertlər siyasətçinin problemləri tam dərk etmədiyini bildirirlər. NASA mütəxəssisləri xüsusi vurğulayıblar ki, "Yuno"-nun "3I/ATLAS"-ın qarşısına çıxmaq üçün kifayət qədər yanacağı yoxdur. Lakin problemin həlli müvəqqəti olaraq NASA tərəfindən hələlik tam mümkün olmasa da, astronomlar hesab edirlər ki, bəlkə də "3I/ATLAS"-ı aydın müşahidə etmək üçün Avropa Kosmik Agentliyinin Yupiter sistemi üzərində tədqiqatlar aparmaq məqsədilə göndərilən "JUICE" avtomatik planetlərarası stansiyasının cihazlarından və Mars planetini müşahidə edə bilən orbital aparatların imkanlarından istifadə etmək olar.

NASA mütəxəssislərindən biri yaxın gələcəkdə məhz bu proseslərlə bağlı yeniliklər olacağını qeyd etməklə, həmçinin respublikaçı konqresmen Anna Paulina Lunanın təklifini də təqdir edib. O, zarafatla vurğulayıb ki, konqresmenin ulduzlardan xəbər alması üçün əllərindən gələni edəcəklər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
9-08-2025, 11:33 Göyçayda zəlzələ olub