Separatçılara dəstək verən Sahil Qasımov Bakıya gəlib
Tarix: 20-09-2018 16:28 | Bölmə: Slayd
Separatçılara dəstək verən Sahil Qasımov Bakıya gəlib

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovun Kataloniya separatçıları ilə görüşünün həmvətənlərimiz arasında böyük əks-sədaya, eyni zamanda ciddi qalmaqala səbəb olduğu məlumdur. O, bununla bir daha Azərbaycan xalqının düşüncələrinə hörmətsizlik nümayiş etdirib.

Azərbaycanlıların cənab Qasımovun Kataloniya səfəri ilə bağlı sosial şəbəkələrdəki tənqid və sərt reaksiyalarına baxmayaraq, Avropa Azərbaycanlıları Konqresinin prezidenti bu günlərdə Bakıya gəlməkdən belə çəkinməyib. Halbuki, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti Kataloniya nümayəndələri ilə görüşdən sonra Sahil Qasımovu bir daha Azərbaycana gəlməməyə və Ermənistandakı dostlarının yanına getməyə səsləmişdilər…

Çox təəssüf ki, bu qalmaqaldan sonra diaspor təşkilatlarımızda təmsil olunan həmvətənlərimizin əksəriyyətinin gözündə “pul yuyulması” ilə məşğul olan struktura və hər cür fitnə-fəsad mənbəyinə çevrilən Avropa Azərbaycanlıları Konqresi ətrafında baş verən hadisələr vətənpərvərlik yönündə inkişaf etmir. Bu azmış kimi, Sahil Qasımovun Bakıda bir sıra yüksək vəzifəli məmurlarla görüşlər keçirməyə hazırlaşdığı haqda məlumatlar da var.

Separatçılara dəstək verən Sahil Qasımov Bakıya gəlib

Əgər bu məlumat həqiqətdirsə, o zaman həmin yüksək vəzifəli məmurların da vətənpərvərlikləri şübhə doğurur. Çünki onlar özlərini vətənpərvər hesab edirlərsə, İspaniyanın seperatçı regionuna səfərlə Azərbaycanın və xalqımızın maraqları naminə öz həyatları bahasına vətənimizin müdafiəsində dayanan hərbçilərimizə, Qarabağ müharibəsi veteranlarına hörmətsizlik edən, şəhidlərimizin xatirəsini təhqir edən insanın əlini necə sıxa bilərlər? Sahil Qasımov üçün Azərbaycan artıq doğma vətən olmaya bilər, bəs xalqımızın mənafeyinə zərər vuran AAK-ın prezidentini qəbul edən yüksək vəzifəli məmurların davranışlarını necə başa düşək?

Qeyd edək ki, həmvətənlərimizin əksəriyyəti AAK ətrafındakı hadisələrin başqa yönə çevriləcəyini, əməlləri ilə özünü ifşa edən Sahil Qasımovun Avropa Azərbaycanlıları Konqresinin prezidenti postundan qovulacağını gözləyirdilər. Təəssüf ki, bu baş vermədi və ona görə çox məntiqli suallar ortaya çıxır: “Bu qədər səs-küylü qalmaqallardan sonra Avropa Azərbaycanlıları Konqresinin prezidenti postunda qalan Sahil Qasımovun arxasında kim dayanır? Öz əməlləri ilə diasporu birləşdirmək yerinə daha da dağıdan bir insanı Avropa ölkələrində diasporumuzun başlıca strukturu olmaq istəyən bir ictimai təşkilatın prezidenti vəzifəsində necə saxlamaq olar? Nə üçün maliyyə fırıldağı və fitnə-fəsadlarla məşğul olan və separatçılara aşkar rəğbət bəsləyən Sahil Qasımovu diasporumuzun birbaşa işləri ilə məşğul olan yüksək vəzifəli məmurlarımız cəzalandırmadı? Azərbaycanın maraqlarına zidd gedən Sahil Qasımovun cəzalandırılması bir yana, onu əməllərinə görə məzəmmət etmək olmazdımı?”

Fikrimizcə, bu sual da indi daha aktualdır: “Avropa Azərbaycanlıları Konqresi ətrafındakı bu qalmaqaldan sonra Azərbaycan diasporunun hansısa birliyindən danışmaq olarmı?” Çünki hər kəsə bəllidir ki, Azərbaycan diasporunu məhz Sahil Qasımov kimi adamlar dağıdır, məhz onlar həmvətənlərimizin birləşməsi yolunda maneələr yaradırlar.

Azərbaycanın bəzi kütləvi informasiya vasitələrindəki məqalələrdən və Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentindəki yazılardan belə anlamaq olur ki, bu gün Sahil Qasımov həmvətənlərimizin əksəriyyətinin gözündə Azərbaycan xalqının düşməninə çevrilib.

Avropa Azərbaycanlıları Konqresi ətrafındakı indiki qalmaqal gözlənilmədən cənab Qasımovun tərcümeyi-halındakı bir sıra qara səhifələri də üzə çıxarıb. Onu AAK prezidenti vəzifəsində saxlamağa qərar verənlər isə faktiki olaraq bu ictimai təşkilatı dəfn edirlər və diasporumuzu dağıdırlar. Çünki heç kimə sirr deyil ki, artıq həmvətənlərimizin heç biri şübhəli nüfuza malik şəxsin rəhbərlik etdiyi təşkilatla iş görməyəcəklər.

Əgər bu təşkilata aşağı intellektə və köhnəlmiş düşüncəyə malik dünənki ofisiant rəhbərlik edirsə, bundan sonra Avropada yaşayan tanınmış Azərbaycan ziyalılarına, yazıçılarına, ictimai xadimlərinə və iş adamlarına necə təklif etmək olar ki, Avropa Azərbaycanlıları Konqresi ətrafında birşləşsinlər? Qanuni fəaliyyətinin qanuni olduğu sənədlərlə hələ də təsdiqlənməyən bir təşkilata kim inanar və yardım edər?

Çoxları səbrsizliklə gözləyirdi ki, Sahil Qasımov həmvətənlərimizə Avropa Azərbaycanlıları Konqresinin qeydiyyatdan keçmiş Əsasnaməsini, bank hesabının mövcudluğunu, o cümlədən bu təşkilatın Avropa standartlarında maliyyə hesabatlarını göstərəcək. Lakin 2 ay ərzində heç nə görmədik.

Separatçılara dəstək verən Sahil Qasımov Bakıya gəlib

Qasımov susqunluğunu qoruyur və həmvətənlərimizin suallarına cavab vermir. Əgər o susursa, deməli, deməyə sözü yoxdur. O və onun ətrafındakılar etiraf etməkdən qorxurlar ki, Avropa Azərbaycanlıları Konqresi faktiki olaraq yoxdur və bu təşkilatın 14 illik fəaliyyəti diasporumuzun aldadılmasına, o cümlədən dövlət və sponsor pullarının “yuyulmasına” hesablanmış bir yalandır.

Lakin sivil və yüksək inkişaf etmiş Avropada yaşayan cənab Qasımov bilməli idi ki, öz rəqiblərinin suallarına və iddialarına məhəl qoymamaqla Avropa demokratiyası prinsiplərinə zidd gedir. İstənilən inkişaf etmiş Avropa ölkəsində dövlət məmurunu və ya özəl şirkət rəhbərini öz rəqiblərinə hörmətsizlik nümayiş etdirərək suallarına və tələblərinə cavab verməməyə görə işdən qovardılar.

Avropa Azərbaycanlıları Konqresi ətrafındakı qalmaqal bir məsələni də ortaya çıxardı: azərbaycanlıların əksəriyyəti Avropada ümumavropa demokratiya prinsipləri, söz azadlığı, insan hüquqlarına və şəxsiyyətinə hörmət prinsipləri ilə yaşamağı öyrənmədilər. Bu, Avropada sayı milyonu ötən bütün diasporumuz üçün böyük çatışmazlıqdır. Lakin Sahil Qasımov kimi intellekt səviyyəsi aşağı olanlar öz məkrli və şəxsi maraqları ilə nəinki diasporumuzu bu bataqlıqdan çıxarmaq və onu birləşdirmək qabiliyyətinə malik deyillər, əksinə, həmvətənlərimiz arasında feodal-kriminal psixologiyasına söykənərək onları daha da geriyə itələyirlər.

Artıq məyusedici bir faktı etiraf etmək vaxtıdır: bizim diasporumuz Qasımov kimi insanlarla Avropa ölkələrində nüfuzu və təsiri hər gün artan, Avropadakı həmvətənlərimiz üçün real təhlükəyə çevrilən erməni diasporuna hələ uzun müddət həsədlə baxacaqlar. Ona görə də Sahil Qasımovun və onun yoldaşlarının fəaliyyəti yalnız Azərbaycan diasporunu dağıtmır, həm də xalqımıza və müstəqil dövlətçiliyimizə sağalmaz zədələr vurur. Sahil Qasımovun davranışlarını diqqətlə təhlil etsək, əmin olacağıq ki, o, xalqımızın mənafeyinin qoruyucusu deyil, düşmənlərimizin dəyirmanına su tökənlərdən biridir. Sahil Qasımovu və onun ətrafındakıları müxtəlif vasitələrlə dəstəkləyənlər isə faktiki olaraq Azərbaycan xalqının əleyhinə çalışırlar.

Azər MURADBƏYLİ,
Aynur ASLANLI




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər