Azərbaycanın Xalq rəssamı vəfat edib - Yenilənib
Tarix: 20-12-2024 14:05 | Bölmə: Xəbərlər
Azərbaycanın Xalq rəssamı vəfat edib

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bunu “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə bildirib.

Mərhum rəssamla bu gün 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakı şəhərində anadan olub. O, monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb. 1966-1968-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanada və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adları ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Tofiq Ağababayevə 2008-ci ildə Prezidentin fərdi təqaüdü ayrılıb, 2023-cü ildə isə Xalq rəssamı “Şöhrət” ordeni ilə təltif edilib.

***

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayevlə vida mərasimi keçirilib.

Reytiung.az
xəbər verir ki, mərasim Təzə Pir məscidində baş tutub.

Mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Xalq rəssamı Tofiq Ağababayev bu gün 96 yaşında vəfat edib.




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər