Dövlət İmtahan Mərkəzi kadr çatışmazlığı ilə üzləşib - Foto
Tarix: 18-12-2019 14:22 | Bölmə: Cəmiyyət
Dövlət İmtahan Mərkəzi kadr çatışmazlığı ilə üzləşib

Situasiya tipli tapşırıqların yoxlanılması üçün peşəkar kadr çatışmazlığı var.

Reyting.az
-ın məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzulu hesabat tədbirində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M. Abbaszadə bildirib ki, humanitar istiqamətli ixtisas qruplarında abituriyentlər, adətən, mətn tipli tapşırıqları cavablamaqdan imtina edirlər:

"Misal üçün, III ixtisas qrupunda ədəbiyyat, Azərbaycan dili kimi fənlərdə müxtəlif mətn tipli tapşırıqlar təqdim edirik. Müşahidələr göstərir ki, çox zaman imtahan iştirakçıları belə sualları cavablandırmır, bundan imtina edirlər. Lakin bu problemin həlli üçün hər il imtahanlardan sonra araşdırma aparır və nəticələrlə bağlı tövsiyələri çap edib müəllimlər, abituriyentlər və valideynlərini tanış edirik.

Dövlət İmtahan Mərkəzi kadr çatışmazlığı ilə üzləşib

Əlavə olaraq, imtahanlarda abituriyentlərə təqdim edilən yazı işlərinin yoxlanılmasını elə təşkil edirik ki, insan faktoru nəticələrə təsir göstərməsin. Amma sual yaranır: "yazı işlərini yoxlaya bilən kadrlar varmı?" Ötən tədris ilində (2018-2019) hər imtahandan sonra 100 minlərlə yazı işi, 5 minə yaxın şəxs tərəfindən yoxlanılıb ki, bu, kifayət deyil”.

Abbaszadə əlavə edib ki, Dövlət İmtahan Mərkəzi olaraq bu işə təkçə müəllimləri deyil, eyni zamanda aspirantları da cəlb edirlər: “Ümumiyyətlə, müşahidələr göstərir ki, situasiya tipli tapşırıqların yoxlanılması üçün peşəkar kadr çatışmazlığı var".

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib və hesabatdakı məqamlarla bağlı bu gün geniş konfrans keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər