Stalinin qorelyefi qarşısında aksiyaya imkan verilməyib
Tarix: 25-06-2025 07:56 | Bölmə: Dünya
Stalinin qorelyefi qarşısında aksiyaya imkan verilməyib

Moskva meriyası koronavirus təhlükəsini əsas gətirməklə, Taqanskaya ərazisindəki metro stansiyasının qarşısında keçmiş SSRİ rəhbəri Stalinin yüksək qorelyefinə qarşı etiraz piketlərini qadağan edib. Göstərişə əsasən hətta bir nəfər belə Stalinin siyasi fəaliyyətinə etiraz məqsədilə bu ərazidə aksiya keçirə bilməz.

Reyting.az
xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın Mərkəzi Dairə Prefekturası "Yabloko" partiyasının planlaşdırdığı aksiya ilə bağlı qərarını açıqlayıb.

Moskva şəhərinin Mərkəzi Dairə Prefekturasından müraciətə cavab olaraq "Yabloko"-nun siyasi rəhbərliyinə bildiriblər ki, koronavirus təhlükəsi hələ aradan qalxmadığına görə, "Taqanskaya" metro stansiyasında İosif Stalinin böyük qorelyefinə qarşı bir neçə nəfərin iştirakı ilə keçiriləcək piketə icazə verilmir.

Qeyd edək ki, "Yabloko" üzvləri nəzərdə tutulan piketi iyul ayının 3-də Taqanskaya meydanında keçirməyi planlaşdırırdı. Ancaq paytaxtın prefekturası imtina səbəbini "bu gün də inkişafda olan epidemioloji vəziyyətlə" və 2020-ci ildə pandemiya başlayan dövrdə merin fərmanı ilə Moskvada tətbiq edilən yüksək xəbərdarlıq rejimi ilə izah edib.

Onu da xatırladaq ki, Moskva şəhərindəki "Taqanskaya" metro stansiyasının keçidində Sovet diktatoru İosif Stalinə qoyulmuş qorelyef mayın ortalarında Moskva metropoliteninin 90 illik yubileyi şərəfinə açılıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər