ƏHD Partiyası seçkilərlə bağlı bəyanat yayıb
Tarix: 30-01-2025 00:49 | Bölmə: Gündəm
ƏHD Partiyası seçkilərlə bağlı bəyanat yayıb

Azərbaycan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası ölkəmizdə keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.

Reyting.az
xəbər verir ki, bu barədə ƏHD Partiyasının mətbuat xidmətindən bildiriblər.

28 namizədlə seçkilərə qatılan ƏHD Partiyası bəyan edir ki, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 23-nün qatıldığı bələdiyyə seçkilərində 16092 namizəd 685 bələdiyyə üzrə 8071 yer uğrunda mübarizə aparıb.

Partiya bildirir ki, seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliyə uyğun təşkil edilib və keçirilib:

“Seçkilərə qatılmaq istəyən hər kəsə qanunvericiliyə uyğun olaraq bərabər imkanlar yaradılıb. Təəssüf ki, hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa digər heç bir partiya pulsuz efir vaxtı əldə etmək hüququ qazanmayıb, YAP isə könüllü olaraq bu hüququndan imtina edib”.

Partiya bəyan edir ki, ƏHD-in namizədləri seçki prosesinə hər hansı qanunsuz müdaxilə faktı ilə üzləşməyiblər: “Səsvermə günü seçki məntəqələrində olan müşahidəçilərimizin verdiyi məlumatlara görə, onlar səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları ilə rastlaşmayıblar. Seçki dairələri üzrə seçki məntəqələrində təşkil olunmuş "Exit-poll"un nəticələri seçkinin ilkin nəticələrinə uyğun olub”.

ƏHD Partiyası seçkilərdə qalib gəlmiş YAP-ı qələbə münasibətilə təbrik edib: “Hakim partiyanı əldə olunmuş uğurları qoruyub saxlamaq, sürətli inkişafa mane olan amilləri aradan qaldırmaq üçün bələdiyyələrin statusunu artırmağa, dövlət idarəçiliyində ifrat mərkəzləşmədən imtinaya, keçmişimizi qaragüruhdan, xarici və daxili düşmənlərdən qoruyacaq, gələcəyimizi işıqlı edəcək sistemdaxili siyasi rəqabətə, davamlı sabitliyə və inkişafa yol açacaq güclü çoxpartiyalı siyasi sistemin yaradılması istiqamətində ciddi islahatlar aparmağa çağırırıq".

E. KAMAL




Bölməyə aid digər xəbərlər