Ödəniş agentləri ilə bağlı yeni qayda təsdiq edilib
Tarix: 29-01-2024 11:35 | Bölmə: İqtisadiyyat
Ödəniş agentləri ilə bağlı yeni qayda təsdiq edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş agentləri ilə işin təşkili Qaydası”nı təsdiq edib.

Reyting.az
xəbər verir ki, AMB sədri Taleh Kazımovun yeni qərarına əsasən, ödəniş agentləri təşkilatın adından çıxış edərək ölkədaxili ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş, pul köçürməsi, elektron pulun satışı və qalıq dəyərinin geri ödənilməsi əməliyyatları həyata keçirə bilər.

Bundan başqa, qərarla agentin cəlb edilməsi və onun xidmətlər göstərilməsi üzrə tələblər müəyyənləşib. Belə ki, agent təşkilatla qarşılıqlı əlaqə üçün zəruri rabitə kanallarına, müvafiq infrastruktura, habelə həmin infrastrukturla işləmək bacarığı olan insan resurslarına malik olmalıdır.

Agent vasitəsilə xidmətlərin göstərilməsi zamanı baş vermiş pozuntular, o cümlədən fırıldaqçılıq halları üzrə vahid məlumat bazası yaradılacaq və xidmətlərlə bağlı şikayətlərə baxılması və mübahisələrin həlli üçün məsul şəxs təyin ediləcək.

Həmçinin təşkilatla agentlər arasında informasiya mübadiləsi real vaxt rejimində emal edilməli və ötürülməlidir.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Xatırladaq ki, ödəniş agenti bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər