Rusiyanın dondurulmuş aktivləri ilə bağlı yeni plan hazırlayırlar
Tarix: 30-01-2024 17:08 | Bölmə: İqtisadiyyat
Rusiyanın dondurulmuş aktivləri ilə bağlı yeni plan hazırlayırlar

Avropa Komissiyası Avropa İttifaqı səfirlərinin Rusiyanın dondurulmuş aktivlərindən vergi tutulan gəlirlərə görə faizlərin köçürüləcəyi ayrıca hesab yaratmaq qərarını alqışlayıb. Eyni zamanda, növbəti addımlar üzərində işləndiyi bildirilib.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Brüsseldə keçirdiyi brifinqdə deyib.

O xatırladıb ki, bu tədbirlərin məqsədi Rusiya Mərkəzi Bankının izafi mənfəətinin son nəticədə Ukraynaya ötürülməsini təmin etməkdir.

K. Viqand əlavə edib ki, Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidentləri növbəti addımı mümkün qədər tez atmağa hazırdırlar.

"Bu gün sizə elan edə biləcəyimiz konkret vaxt çərçivəmiz yoxdur, lakin bunu mümkün qədər tez yerinə yetirmək üçün böyük öhdəlik var", - deyə Avropa Komissiyasının sözçüsü əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri yanvarın 29-da keçirilən görüşdə Rusiyanın dondurulmuş aktivlərinin vergiyə cəlb olunan gəlirləri üzrə faizlərin köçürüləcəyi ayrıca hesabın yaradılması barədə razılığa gəliblər. Bu ayın əvvəlində isə Aİ xarici işlər nazirləri Ukraynaya dəstək üçün Rusiya aktivlərindən istifadə planı ilə bağlı siyasi razılıq əldə ediblər.

Bir sıra Aİ-yə üzv dövlətlər hüquqi çətinliklərə görə bu aktivlərin müsadirə edilməsinə qarşı olduqları üçün kompromis ondan ibarətdir ki, bu dondurulmuş aktivlərin əldə etdiyi gəlir vergiyə cəlb olunacaq və bu vəsaitlər Ukraynaya köçürüləcək.

Onu da qeyd edək ki, ABŞ-da dondurulmuş aktivlərin müsadirəsi ideyasını təbliğ edirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər