Vergi məmurları sahibkarı aldadıb, araşdırma başlayıb
Tarix: 05-03-2024 14:19 | Bölmə: İqtisadiyyat
Vergi məmurları sahibkarı aldadıb, araşdırma başlayıb

5 saylı Ərazi Vergilər İdarəsinin vəzifəli şəxslərindən edilən şikayət rəsmi nəzarətə götürülüb.

Reyting.az
-a verilən məlumata görə, Şirvan şəhərində yerləşən 5 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin rəisi Röyal Bünyatov, inspektorlar Elvin Abdullayev və Nüsrət Allahverdiyev Şirvan şəhərindəki sahibkarlardan birinə problem yaradıblar.

İddiaya görə, vergi əməkdaşları bilərəkdən sahibkarın vergi yükünü artırıblar. Bu isə tərəflər arasında narazılıq yaradıb.

Daha sonra tərəflər arasında vergi ödənişinin azaldılması ilə bağlı danışıqlar başlayıb və əldə olunan razılaşmaya əsasən, vergi ödəyicisi, inspektor Elvin Abdullayevin kart hesabına pul yükləyib. Bunun qarşılığında şişirdilən məbləğ guya azaldılacaqmış. Amma əksi baş verib.

Məlumata görə, razılaşmanın üstündən bir müddət ötsə də, sahibkarın vergi yükü nəinki azaldılıb, əksinə, olduğu kimi saxlanılır. Bundan sonra sahibkar inspektorun kartına yolladığı pulu geri tələb edib. Bu tələbi yerinə yetirilmədikdə isə, sahibkar baş idarəyə şikayət edib.

Hazırda baş idarə şikayəti araşdırır. Böyük ehtimalla məsələ Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yönəldiləcək.

Məsələ ilə bağlı adıçəkilən şəxslərin mövqeyinə yer ayırmağa hazırıq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər